| |
Allah qatında öz yerini düşünən insan qəlbinə əyilsin və baxsın ki, orada Allaha nə qədər yer ayırıb. Hərkəs öz qəlbinə baxsın və Allah qatında öz məqamını təxmin etsin. Nəfs daim pisliyə meyl edər, ruh isə yaxşılığa doğru can atar. Hansına yaxşı baxsan, dəstək versən, iqtidara gələcək. Yaxşının yaxşılığı hər kəsədir, amma ən çox özünədir. Pisin də pisliyi hər kəsədir, amma ən çox da özünədir. Əgər Allah-Təalanın İsmi-Əzəmini öyrənmək, bu sirrə vaqif olaraq cəhənnəm əzabından qurtarmaq istəyirsənsə, bu deyilənə yaxşı qulaq as: Sənin vücudun bir dağdır. O dağı götürüb bir tərəfə ata bilsən, həmin sirri orada görəcəksən. Əgər sən Haqq iləsənsə, tək də olsan, yalqız deyilsən, camaatlasan. Necə bir camaat?- Bənzəri olmayan bir camaat. Çünkü sən Haqq iləsən, Haqq əhli iləsən. Təksən, amma böyük bir caamatlasan. Haqq ilə deyilsənsə, ən böyük camaatla da olsan, yalnızsan, tək-tənhasan.
|