| |
ABŞ-da və Avropa Birliyində baş verən maliyyə böhranları digər dövlətlərə, o cümlədən inkişaf etməkdə olan ölkələrə təsirsiz ötüşmür. Ən azı ona görə ki, inkişaf etməkdə olan ölkələrin böyük qismi öz vəsaitlərini məhz ABŞ-da saxlamağa üstünlük verirlər. Xüsusən, bu yöndə neft ölkələrini qeyd etmək olar. Misal üçün dünyada ən çox neft istehsal olunan Səudiyyə Ərəbistanın ABŞ-dakı investisiyasının həcmi 3 trilyon dollardan artıqdır. Azərbaycanın isə Dövlət Neft Fondunun (DNF) investisiya portfelinin təxminən 50 faizi ABŞ-da yerləşdirilib. Ümumiyyətlə, DNF vəsaitlərinin yerləşdirilməsində coğrafi bölgüyə nəzər yetirdikdə vəsaitlərin əhəmiyyətli hissəsinin Birləşmiş Ştatlarda yerləşdirildiyinin şahidi olarıq (49,4 faiz). Avropanın payına 44,6 faiz, Asiyanın payına isə 4,2 faiz düşür.Təəccüb doğuran məqam isə Amerikada böhran yaşanmasına baxmayaraq, DNF-in bu ölkədə yerləşdirdiyi vəsaitlərin həcmini son bir ildə artırmasıdır. Halbuki, böhran dövründə ABŞ şirkətləri öz vəsaitlərini investisiya şəklində xaricə yönəldiblər. Digər tərəfdən bu ilin aprel ayının 1-nə olan məlumata görə, 244,3 milyon dollar vəsait idarəedilməyə verilib. DNF-in idarəedilən vəsaitlərininin 45,1 faizini Dünya Bankı, 34,45 faizi Almaniyanın Döyçe Asset Management Bankı, 20,45 faizini isə “Klariden Leu ” idarə edir. Qurumun maliyyə əməliyyatlarında isə qarşı tərəf olaraq ABŞ-ın 1, Almaniyanın 3 bankı, Böyük Britaniyanın 3, Fransanın isə 1 bankı çıxış edir. Hansı ki, bu ölkələrin hər birində səhmlər dəyərsizləşməkdədir. Mütəxəssislər bildirir ki, həm tərəfdaş qurumların seçilməsi, həm xaricdə yerləşdirilən vəsaitlərin strukturu və coğrafi baxımdan bölgüsündəki səhvlər neft vəsaitləri üçün ciddi risk yaradıb. Böhran davam etsə, hətta DNF vəsaitlərinin 1/5-ni itirəcək. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, ölkədə valyuta ehtiyatlarının böyük hissəsinin (60 faizinin) dollarla saxlanılması problemləri bir az da artırıb: “Doğrudur, bu vəsaitlər müəyyən qədər sığortalanır, risklər idarə olunur. Amma, Neft Fondunu bu risklərdən tam sığortalamaq mümkün olmayacaq. Situasiya hökumətdən daha çevik qərarlar qəbul etməyi tələb edir”. DNF-in idarəedilməyə verilən vəsaitinin 110 milyon dollarının Dünya Bankının, 84 milyon dollarının Almaniyanın Döyçe Asset Management Bankının, 50 milyon dollarının isə İsveçrənin maliyyə institutunda olduğunu xatırladan ekspert deyib ki, bu institutlar da səhmlərini itirir: “Bu da ölkənin valyuta ehtiyatlarının azalması ilə nəticələnəcək”. Bəzi ekspertlər isə deyir ki, təkcə neftin ucuzlaşmasından Azərbaycan hökuməti hələlik 17-18 milyard dollar itirir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da neftin ucuzlaşmasının Azərbaycana təsirlərinin olduğu fikrindədir. Ekspert “ANS-press”ə verdiyi açıqlamasında büdcədə neftin 1 barrelinin qiymətinin 70 dollar götürüldüyünü xatırladaraq, deyib ki, bunun büdcədən maliyyələşən qurumlarda çalışanlar üçün heç bir mənfi təsiri olmasa da, ölkəyə təsiri var: “Əgər iyul ayının 11-də ”Brent" markalı neftin qiyməti öz tarixində ilk dəfə olaraq 147 dollar 46 sentə çatmışdısa, bu gün (dünən ) oktyabrın 8-dir və Azərbaycan nefti də “Brent”ə nisbətdə götürülür. Yəni, Azərbaycan neftinin qiyməti “Brent”ə nisbətdə 15-30 sent fərq ilə satılır. Ona görə, “Brent” tipli neft və London birjasının qiymətləri Azərbaycan üçün önəmlidir. Neft artıq 82 dollara düşüb. Reallıqda götürsək, biz 1 barreldə 65 dollar itirmişik. Əgər biz nəzərə alsaq ki, iki platformadan hasilatın dayandırılmasından qabaq “Azəri-Çıraq-Günəşli” bir gündə təxminən 900 min barrel neft hasil edirdisə, indi biz bir gündə 58,5 milyon dollar itiririk. İlin sonuna artıq 3 ay qalıb. Bu qiyməti 90 günə vuranda 526,5 milyon dollar edir. Bu, real olaraq bir layihə çərçivəsində Azərbaycana proqnozlaşdırılan, amma gəlməyən gəlirdir. Bu isə yarım milyarddan çoxdur". İ.Şaban bildirir ki, 580 milyon dolların 80 faizi Azərbaycana çatacaqdısa, deməli, Dövlət Neft Fonduna bu səmtdən 460-470 milyon dollar az pul daxil olacaq: “Bu isə böyük miqdarda puldur. Bunu il ərzində günlərə bölsək, günə milyon dollardan artıq pul edir. Halbuki, milyon dollara nələr etmək olardı. Hələ bu yalnız 82 dollar 9 sent qiyməti ilə hesablanıb”. İlham Şabanın sözlərinə görə, dünyadakı qlobal maliyyə böhranının, qiymətlərin enmə və qalxmaları nəticəsində ən elitar biznes qurumları da artıq proqnoz verməkdə çətinlik çəkirlər: “Çünki bazarda tələb - təklif, qiyməti yaradan bir sıra amillər və əvvəllər qiymətlərə cüzi təsir göstərən amillər indi qiymətlərin ziqzaqvari qalxıb-enməsinə səbəb olur. Bu baxımdan ”Marlin Lynch" kimi bir təşkilat 2009-cu ilin birinci rübündə neftin qiymətinin 50 dollara qədər düşə biləcəyini bildirib". Ekspert hesab edir ki, həqiqi mənada heç kəs neftin qiymətinin bu səviyyəyə düşəcəyini gözləmirdi: “LUKoil prezidenti Vahid Ələkbərov da bildirmişdi ki, bundan sonra ucuz neft olmayacaq. Bu o deməkdir ki, Rusiyanın ən məşhur neft mütəxəssislərindən sayılan Vahid Ələkbərovun da proqnozları özünü doğrultmadı”. Neft pullarını qorumaq üçün nə edilməlidir? Ekspertlər hesab edir ki, Dövlət Neft Fondunun strategiyasında konkret istiqamətlər müəyyənləşdirilməlidir. Eyni zamanda DNF vəsaitləri xərclənən zaman daxili və xarici istiqamətlər ayrı-ayrı təsnifləşdirilməlidir. Onların fikrincə, vəsaitləri xaricdə yerləşdirmək və ya xarici bankların idarəetməsinə vermək kifayət qədər risklidir. Hazırda Azərbaycan daxilində vəsaitləri yerləşdirmək, ölkə xaricində yerləşdirməkdən daha risksizdir. Mütəxəssislərin bir qismi isə bildirir ki, risklərin azalması üçün DNF xarici şirkətlərin səhmlərinin alınmasında, regional layihələrdə birbaşa iştirak edib, kommersiya şərtləri ilə investisiya qoyluşu həyata keçirə bilər.
Musavat |