| |
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) respublikanın bütün bölgələrindəki şəhər və kənd məktəblərinin tədrisdə və ali məktəblərə tələbə qəbulunda yüksək göstəriciləri olan müəllimlərini ali məktəblərə qəbul imtahanı üçün testlər bankının zənginləşdirilməsi məqsədilə test tapşırıqları yazmağa dəvət edir. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəllimlər bunun üçün www.tqdk. qov. az. saytında yerləşdirilmiş “Müəllifin şəxsi vərəqi” və “Müqavilə”ni dolduraraq, “TQDK-2008. Test tapşırığı vərəqin”də fənnin və mövzunun adı göstərilməklə, test tapşırığının mətnini, cavabları və şərhini yazmalıdırlar. Müəllimlər test tapşırıqları tərtib edilərkən onun orta məktəbin tədris proqramına uyğunluğu nəzərə almalıdırlar. Bundan əlavə, test tapşırıqları abituriyentlərin orta məktəbdə qazandıqları və gələcəkdə ali məktəbdə təhsil almaq üçün tələb olunan bilik, bacarıq və vərdişləri aşkara çıxarmalı, elmi-metodiki cəhətdən mübahisə doğurmamalı, lakonik, dəqiq və konkret olmalı, qoyulmuş suallar və verilmiş cavablar çaşdırıcı yox, istiqamətləndirici və s. olmalıdır. Qəbul imtahanlarında abituriyentlərə test tapşırıqları iki variantda (A və B) təqdim edildiyi üçün hər bir test tapşırığının ayrıca test vərəqində analoqu da yazılmalıdır.
APA
|