| |
Standartalara cavab verməyən taksilərə lisenziya verilməyəcək. Avtonəqliyyat haqqında yeni qanunun qəbulundan sonra yalnız taksometrləri olan taksilərə sərnişindaşımaya icazə veriləcək. Bu barədə Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov məlumat verdi. Onun sözlərinə görə, yalnız qanunun tələblərinə cavab verən taksilərlə müqavilə bağlanacaq və onlara lisensiya veriləcək. Müqavilədə hər kilometrə görə tariflər də öz əksini tapacaq. Vahid Əhmədovun dediyinə görə, taksi daşınmalarında hər kilometrajın gediş haqqının təxminən 20 və ya 30 qəpik civarında müəyyənləşəyi ehtimal olunur. Həmçinin Vahid Əhmədov yeni qanundakı sərnişindaşınmalardakı dəyişikliklərə də toxunub. O qeyd edib ki, sərnişin hər hansı bir problem yaransa, aldığı bileti geri qaytarmaq, eləcə də sürücünün günahı üzündən vurulmuş zərərə və birbaşa ziyana görə kompensasiya almaq hüququna malik olacaq. Eyni zamanda qanun layihəsinə görə, sərnişin ictimai qaydanı pozduqda sürücü onu aparmaqdan imtina edə, həmçinin xəstə və ya sərxoş sərnişin digərləri üçün narahatçılıq yaratdıqda sürücü onu avtobusdan düşürə bilər. Yeni qanun layihəsində sürücülər üçün konkret tələblər də öz əksini tapıb. Məsələn, avtobuslarla sərnişin daşımalarına «D» kateqoriyalı sürücülük vəsiqəsi olan, yaşı 21-dən və avtomobil nəqliyyatı vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılacaqlar. Taksilərlə sərnişin daşımalarına isə «V» kateqoriyalı sürücülük vəsiqəsi olanlar cəlb edilə bilərlər. Lakin onların da yaşı 19-dan yuxarı olmalı, sürücülük təcrübələri isə 1 ildən az olmamalıdır. Qanun layihəsindəki daha bir yenilik avtovağzallarla bağlıdır. Layihəyə görə, avtovağzallar gün ərzində xidmət göstərə biləcəkləri sərnişinlərin sayı, ərazisindəki tikililər, istehsalat ərazisinin mövcudluğu, texniki avadanlıqlarla təchizatından, eləcə də göstərdiyi xidmətlərin çeşidi və səviyyəsindən asılı olaraq kateqoriyalara bölünəcəklər. Avtovağzallar dünya standartlarına cavab verməlidir. Sonra onlara status verilir. Onlar bu statusun verilməsindən sonrpa fəaliyyət göstərəcəklər», - deyə komissiya üzvü əlavə edib. Hazırda beynəlxalq yükdaşımalarında ciddi problemlərin olduğunu qeyd edən komissiya üzvü qanunun qəbulundan sonra bu problemlərin də aradan qaldırılacağını güman edir. Onun sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra yük daşımaq niyyətində olan tranzit nəqliyyat vasitələri də nəqliyyat nazirliyindən lisenziya almalı olacaqlar. |