| |
Geri |
|
| |
|
Seçkiqabağı interaktiv forum keçirilib
11.10.2008 15:33:13
Forumda iqtisadi inkişaf, siyasi pluralizm və vətəndaş cəmiyyəti kimi məsələlər müzakirə olunub |
|
| |
Jurnalistlərin Beynəlxalq Mərkəzi (ICFJ) tərəfindən oktyabrın 10-da Azərbaycanda ilk dəfə interaktiv forum keçirilib. Bakıda «Azərbaycan: demokratiya və dəyişikliklər» mövzusunda keçirilən seçkiqabağı forumda əsas məqsəd - Azərbaycan üçün önəmli olan məsələlər ətrafında müzakirələrin aparılmasına şərait yaratmaq olub.
Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, iqtisadçı ekspert Qubad İbadoğlu, politoloq İlqar Məmmədov, «Şəffaflıq-Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyeva, Norveçin ölkəmizdəki səfiri Yon Ramberq, İREX/USAİD Media Yardım Layihəsinin əməkdaşı Şahin Abbasov və jurnalistlərdən ibarət ekspert paneli yaradılıb.
Forumda əsasən iqtisadi inkişaf, siyasi pluralizm və vətəndaş cəmiyyəti kimi məsələlər müzakirə olunub. Tədbirdə İlqar Məmmədov bildirib ki, Azərbaycan cəmiyyətində plüralizm on il əvvəlki ilə müqayisədə çox azalıb: «Artıq siyasi plüralizm Azərbaycan efirindən də tamam yığışdırılıb. Telekanallarda bir neçə il əvvəl olan plüralizm artıq hiss edilmir. Artıq telekanallardakı verilişlərin heç biri ictimai-siyasi əhəmiyyət daşımır. Ancaq hansısa müğənnilərin geyimləri haqqındadır». İ.Məmmədov qeyd edib ki, beynəlxalq təşkilatların siyahısında Azərbaycan dünyada jurnalistlərlə ən pis rəftar edən beş ölkədən biridir. Aydın Mirzəzadə isə onun fikri ilə razılaşmadığını bildirib: «Biz iddia edirik ki, ölkədə siyasi plüralizm var. Cəmiyyət fərqli mövqeləri seçə bilər. Bu gün Azərbaycanda müxalif fikri bildirmək olar, bu zaman ad gizlətmək lazım deyil. İstənilən şəxs müxalif fikirlə yaşaya bilər, həmişə bu fikirdə qala bilər».
Şahin Abbasov isə bildirib ki, televiziyalar tam nəzarət altındadır və plüralizm yığışdırılıb.
Ölkədə iqtisadi vəziyyətin ağırlığını diqqətə çatdıran və iqtisadiyyatla bağlı məsələlərə münasibət bildirən Qubad İbadoğlu isə qeyd edib ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, bu ilin yeddi ayı ərzində ixracatın 97,5 faizini neft və neft məhsulları təşkil edir. 2008-ci ilin dövlət büdcəsində neftdən daxilolmalar 70 faizdən çox gözlənilir: «Bu səbəbdən neftə borclu olmalıyıq».
Vətəndaş cəmiyyəti barədə fikirlərini bildirən tədbir iştirakçıları, ölkədə bu sahədə də problemlərin olduğunu vurğulayıblar. Aydın Mirzəzadə isə 15 oktyabrda keçiriləcək prezident seçkisində seçicilərin fəallığı ilə bağlı sualı cavablandıraraq, seçicilərin böyük əksəriyyətinin seçkiyə qatılacağını, seçkidə fəal iştirak edəcəklərini bildirib.
Sözügedən forumun işıqlandırılmasında yeni texnologiyadan istifadə olunub. Azərbaycanda ilk dəfə olaraq forumu internet vasitəsilə izləmək, debatlara qoşulmaq, suallar vermək və müzakirələrdə iştirak etmək mümkün olub. Azərbaycanda ilk dəfə olaraq forum internet vasitəsilə canlı olaraq yayımlanıb, internet istifadəçiləri internet vasitəsilə forumda öz suallarını səsləndiriblər.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|