| |
Xatırladaq ki, N.Cəfərov müsahibədə Rüstəm İbrahimbəyov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, habelə xalq artisti Rasim Balayev barədə kəskin fikirlər işlədib. Ç.Abdullayevin xalqı aldatdığını bildirən deputat onu ümumiyyətlə yazıçı hesab etməyib. “Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına aidiyyəti yoxdur” deyən N.Cəfərov onu fantaziyalar, hisslərlə yaşayan birisi adlandırıb. Qəzetimizə açıqlamasında Ç.Abdullayev bu mövzuda danışmaq istəmədiyini söylədi. “Mən nəyi sübut etməliyəm” deyə sual edən xalq yazıçısı heç kəsin, o cümlədən N.Cəfərovun fikirlərinə qarışmaq istəmədiyini vurğuladı: “Axı o nə deyir ki, mən də ona cavab verməliyəm? Sizdən soruşuram ki, hamıya nəyi sübut etməliyəm? Deyir, mənim Azərbaycan ədəbiyyatına aidiyyətim yoxdur? Onda çıxsın küçəyə və soruşsun ki, camaat nəyi və kimi oxuyur? Mən hesab edirəm ki, polemikanı bu səviyyədə davam etdirmək lazım deyil”. Müsahibimiz vurğuladı ki, kitabları onu yazıçı hesab etməyən N.Cəfərovun rəhbərlik etdiyi Atatürk Mərkəzinin kitabxanasında da var. O, həmçinin N.Cəfərovun onun barəsində “o, xalqı aldadır” açıqlamalarına da münasibət bildirdi: “Əgər mən xalqı aldadıramsa, qoy o kitabları həmin mərkəzin kitabxanasından çıxarsın. Görünür, mən yaxşı ”yalançıyam" ki, camaat da mənə inanır. Sonra nə deyib mənim barəmdə? Şərab içirəm? Qoy içim də, bunun polemikaya nə aidiyyəti var?" Müsahibimiz bu səviyyədə polemika aparmağın zərərli olduğunu deyərək, söhbəti yekunlaşdırdı. N.Cəfərovun müsahibəsində tənqid hədəfinə çevrilən daha bir nəfər isə xalq artisti Rasim Balayev idi. Deputat onun barəsində “əgər Rasim Balayev kimi dərin təfəkkürü olmayan artist Milli Məclisdə çıxış edən akademiklərə, professorlara ”adamcığazlar" deyirsə, deməli, Rüstəm İbrahimbəyovu adam hesab edir. Eləcə də özünü", “Gənc rejissorların heç biri Rasim Balayevi filmə çəkmək istəmir. Rasim də ona-buna yalvarır, özünü sındırmaq istəmir. Gör indi bu nə yalvarmaq formasıdır” kimi fikirlər işlədib. Dünən gün ərzində bir neçə dəfə R.Balayevlə əlaqə saxladıq. Xalq artisti ya məşqlərdə, ya da Kinematoqrafçılar İttifaqının iclasında olduğunu deyərək geniş açıqlama vermədi. Rasim bəy, sadəcə, qısa şəkildə onu dedi ki, N.Cəfərovun ittihamlarına lazımi səviyyədə cavab veriləcək. Müsahibimizin sözlərinə görə, ümumiyyətlə, cavan rejissorların onu filmə çəkmək istəməmələri barədə deputatın dedikləri həqiqətə uyğun deyil: “Birincisi, Azərbaycanda cavan rejissorlar yoxdur. Nizami Cəfərov mədəniyyət komissiyasının sədri kimi bunu bilməlidir. Ən cavan rejissorun yaşı ən azı 40-dan yuxarıdır. O ki qaldı mənim filmə çəkilmək üçün kiməsə yalvarmağıma, bu da cəfəngiyyatdır. Əksinə, mən özüm rollardan dəfələrlə imtina etmişəm”. R.Balayev “Yeni Müsavat”a bu mövzuda geniş müsahibə vəd etdi. |