| |
Hindistanın Mumbai şəhərindəki “Tac Mahal” mehmanxanasında terrorçuların məhv edilməsi üçün başlanılan xüsusi əməliyyat başa çatıb. Bu barədə Mumbai polis idarəsinin rəisi Həsən Qafur bildirib.
Həsən Qafur artıq şəhərdəki bütün müqavimət ocaqlarının məhv edildiyini vurğulayıb: “Bütün əməliyyatlar başa çatıb, bütün terrorçular öldürülüb”. O, əməliyyatın sonuncu mərhələsində uzun müddət xüsusi təyinatlı qüvvələrə müqavimət göstərən üç terrorçunun məhv edildiyini bildirib.
Qeyd edək ki, terrorçuların Mumbai şəhərinə hücum edərək iki mehmanxananı ələ keçirməsindən əməliyyatın başa çatmasına qədər 59 saat keçib. Son məlumatlara görə, hücum nəticəsində 155 nəfər öldürülüb, 370 nəfər yaralanıb. Ölənlər arasında xarici ölkələrin ən azı 21 vətəndaşı var. Onlardan 5-i İsrail, 5-i ABŞ, 2-si Fransa, 2-si Avstraliya, eləcə də Almaniya, Sinqapur, Böyük Britaniya, Yaponiya, İtaliya, Kanada və Tailand vətəndaşları var.
|