| |
Heydər Babayev: «2008-ci ildə 12 rayonda olimpiya idman komplekslərinin tikintisinə başlanılacaq». "2007-ci ildə makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, məşğulluğun artırılması, bank sisteminin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, əmək haqqı və pensiyaların artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib". Bunu İqtisadi İnkişaf naziri Heydər Babayev «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dörd illik yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib. Onun sözlərinə görə, görülmüş işlər nəticəsində 2007-cı ildə də ümumdaxili məhsulun artım sürətinə görə Azərbaycan dünya ölkələri arasında liderlik mövqeyini saxlayıb, artım sürəti 25 faiz səviyyəsində olub, strateji valyuta ehtiyatları 7 milyard dolları ötüb, ölkəmiz transmilli layihələrin aparıcı iştirakçısı olub və beləliklə, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilib: «Təkcə 2007-ci ildə dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin ümumi məbləği 691 milyon manat təşkil edib. 2008-ci ildə isə regionlarda layihələrin icrasına ayrılan vəsaitin həcmi ötən ildəkindən təxminən 70 faiz çox - 1,15 milyard manat olacaq». Heydər Babayev bu il görüləcək işlər barədə də məlumat verib: «Cari ildə dövlət investisiya xərcləri, eləcə də Dövlət Neft Fondunun vəsaitləri hesabına Səngəçalda modul tipli elektrik stansiyasının, Oğuz-Qəbələ-Bakı su xəttinin, Yuxarı Mil kanalının, Tovuzçay su anbarının, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun, Mingəçevir şəhərində “Kür” olimpiya təlim idman mərkəzinin inşası layihələrinin davam etdirilməsi, eləcə də 12 rayonda olimpiya idman komplekslərinin, bir sıra avtomobil yollarının, səhiyyə və təhsil obyektlərinin, şəhid ailələri və əlillər üçün yaşayış binalarının tikintisi ilə bağlı yeni layihələrin icrasına başlanılması planlaşdırılır».
|