| |
Festivalda 20-dən çox ölkənin adət-ənənəsi, milli mətbəxi, musiqisi və rəqsi təqdim ediləcək.
Mayın 2-də saat 12.00-da Səttar Bəhlulzadə adına sərgi salonunda “Qlobal Kənd” adlı müxtəlif ölkələrin mədəniyyətini əks etdirən festival keçiriləcək. Festival AİESEC beynəlxalq təşkilatı tərəfindən təşkilatın fəaliyyətinin 60 illik yubileyi, Azərbaycanda isə qurumun nümayəndəliyinin açılmasının 2 illiyi münasibətilə təşkil edilib. Təşkilatın ölkə üzrə nümayəndəsi Xəyalə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, tədbirin məqsədi gənclər arasında mədəni anlaşmanı təbliğ etmək, müxtəlif ölkələrin mədəniyyətini öyrənməkdir.
Festivalda 50 nəfər Azərbaycan gənci 20-dən çox ölkənin adət-ənənəsini, milli mətbəxini, musiqisini və rəqsini təqdim edəcək. Tədbirdə dövlət rəsmilərinin, müxtəlif ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Qeyd edək ki, AİESEC 100-dən artıq ölkədə fəaliyyət göstərən, 800-dən çox universitetin tələbə və məzunlarını əhatə edən tələbə təşkilatıdır. Təşkilatın əsas vəzifəsi Azərbaycanda təhsil alan tələbələrin bilik və professional bacarıqlarını artırmaq, müxtəlif ölkələrdə təşkil olunan konfranslar və beynəlxalq tələbə mübadiləsi proqramlarından istifadə edərək onların inkişafına kömək etməkdir. |