| |
Layihənin rəhbəri İlqar Xudiyev bildirib ki, qurum yeddi il ərzində Azərbaycandan 35 nəfər jurnalistin xaricdə təhsilinə nail olub
Gürcüstan İctimai İşlər İnstitutunun nəzdindəki Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi ilə Xəzər Universitetinin birgə «Qafqazda ali jurnalistika təhsili layihəsi»nin bu gün təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri İlqar Xudiyev tədbir iştirakçılarına bildirib ki, qurum yeddi ildir fəaliyyət göstərir və həmin məktəbə ABŞ, Böyük Britaniya, Fransa səfirlikləri, həmçinin Soros- Açıq Cəmiyyət İnstitutu dəstək verir.
Tədbirin ingilis dilində aparıldığını deyən İ.Xudiyev bildirib ki, bu məktəbdə çap jurnalistikası, qəzet və jurnalların dizaynı, veb səhifələrin xəbərlər bülleteninin hazırlanması, televiziya radio jurnalistikası, jurnalistikanın prinsipləri, media idarəçiliyi fənnləri üzrə ABŞ və Qərbi Avropa dövlətlərinin müəllimləri təhsilin yüksək səviyyədə aparılmasına zəmin yaradır. Onun sözlərinə görə, məktəb açılan vaxtdan Azərbaycandan seçilən tələbə və jurnalistlər orada jurnalistika və media idarəçiliyi üzrə həm nəzəri, həm də təcrübi biliklərə yiyələniblər: «Tədrisi Qərb standartları əsasında quran Xəzər Universiteti bu layihənin Azərbaycanda həyata keçirilməsi üçün seçilib. Tələbələr birinci semestr dərslərini bu universitetdə keçirlər. İlk semestr ərzində ingilis dili, kompüter proqramları, iqtisadiyyat fənnləri ilə yanaşı, jurnalistikanın prinsipləri, xəbərlərin hazırlanması və foto jurnalistika öyrədilir. Semestrin sonunda isə tələbələr təhsillərini Tiflisdə yerləşən məktəbdə davam etdirirlər».
İndiyədək Azərbaycandan 35 nəfər bu təhsilə yiyələnib. Qarşıdakı illərdə də tələbə qəbulunu davam etdirmək niyyətindədirlər. |