| |
May ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək “Eurovision-2008” müsabiqəsinə qatılacaq Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa edəcəyi mahnıya bəzi dəyişikliklər ediləcək. Musiqisi Gövhər Həsənzadəyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsus “Day after day” mahnısında şeytan obrazını yaradan Samir Cavadzadənin ifa etdiyi muğam hissəsi artırılacaq. O, mahnının bəzi hissələrinin Azərbaycan dilində oxunmasını da istisna etməyib. Yaxın vaxtlarda təmsilçilərimizin Avropa turnesinə start veriləcəyini açıqlayan L. Əliyeva hazırda promo-turnelərin proqramının hazırlandığını söyləyib. Hazırlıqlarla Ukraynanın “Luxen” və “Euromedia” şirkətləri məşğul olur. İTV-nin musiqi koordinatoru və “Day after day” mahnısının söz müəllifi Zəhra Bədəlbəyli isə Avropa turnesi üçün mahnının Azərbaycan, rus, fransız və digər dillərdə də hazırlanacağını, “Eurovision-2008” müsabiqəsi üçün mahnının səhnə variantının isə daha da təkmilləşdiriləcəyini vurğulayıb: “Muğam yenə də şeytanın ifasında səslənəcək. Anlaşılmazlıq yaransa da, burada ideya tamam başqadır. Məhz ideyanın düzgün anlaşılması üçün nömrədə dəyişiklik olunacaq”. Z. Bədəlbəyli Elnur Hüseynovun Azərbaycan vətəndaşı olduğunu da qeyd edərək hazırda onun internet saytının hazırlandığını açıqlayıb. E. Hüseynov isə www.eurovision.az saytına müsahibəsində mahnının şeytanla mələyin mübarizəsindən bəhs etdiyini söyləyib: “Mahnıda mələyin ifasından sonra mən saflaşıram. Axı şeytan da mələkdir, lakin o, yolunu azmış, cənnətdən qovulmuş mələkdir. Muğam saflanmadan sonra ifadə olunan qəlb çığırtısıdır. Fikir verin, muğamı oxuyandan sonra o, mələklə birlikdə diz çökür və Allahın yanına qayıdır. Məhz muğam lənətlənmiş ruhu sağaldır və Yaradanın yanına göndərir. Əslində çıxışımız axıra qədər işlənilməyib. Onu hərtərəfli düzəltdikdən sonra 2 fevral tarixində göstərdiyimiz şoudan da maraqlı alınacaq. Qurduğumuz səhnəni may ayına qədər bir az da təkmilləşdirəcəyik”. |