| |
1997-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 515 ixtisasın sayı 147-ə endirilir. Ölkənin ali məktəblərində ixtisasların sayı azaldılacaq. Bunu Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov deyib. Onun sözlərinə görə, bu addım prezident İlham Əliyevin «Azərbaygan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında» sərəncamının icrası ilə bağlı atılır. Sərəncamla müvafiq strukturlara tapşırılıb ki, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin. İlham Pirməmmədov deyib ki, 1997-ci ildə Azərbaycanın təhsil sistemində baklavr pilləsi tətbiq olunanda Nazirlər Kabineti tərəfindən kadr hazırlayan ixtisasların siyahısı təsdiqlənib. Həmin siyahıda 515 ixtisas nəzərdə tutulub. Lakin onların hamısı üzrə kadr hazırlanmır. Hazırda Azərbaycanın ali məktəblərində 105 istiqamətə daxil olan 273 ixtisas üzrə kadrlar hazırlanır. İlham Pirməmmədov deyib ki, bu, Azərbaycanda təhsil alan kadrlar üçün xarici ölkələrdə probelm yaradır: «Azərbaycanda kadr hazırlanan ixtisasların bir çoxu YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi siyahı ilə uyğun gəlmir. Bu, vətəndaşlarımızın diplomlarının tanınması məsələsində də problemlər yaradır. Ona görə də Prezident Aparatında yaradılmış İşçi Qrupda bu məsələyə baxılıb. Artıq yeni siyahı hazırdır və texliklə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənəcək».
İlham Pirməmmədovun sözlərinə görə, yeni siyahıda cəmi 147 ixtisas var. İqtisadiyyat, texnologiya, texnika və tibb sahəsində bir çox ixtisaslar yeni siyahıya salınmayıb: «Yeni siyahıda 80 ixtisas əvvəllər olduğu kimi saxlanılıb və onların yalnız standartlarında yeniliklər aparılacaq. Digər 67 ixtisas isə yenidir».
|