| |
İsrailin Azərbaycan səfiri Artur Lenk Goranboy rayonunda səfərdədir.
Səfir əvvəlcə rayontakı tarix muzeyində olub və Heydər Əliyevin abidəsini ziyarət edib.
Artur Lenk jurnalistlərə açıqlamasında bildirib ki, Goranboyda yerli iş adamları ilə görüşmək niyyətindədir. Onun sözlərinə görə, İsrailin kənd təsərrüfatı ilə bağlı zəngin təcrübəsi var və kənd təsərrüfatı rayonu Goranboyda təcrübə mübadiləsi imkanlarını araşdırmaq istəyir. Səfir məlumat verib ki, İsrailin Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrinin də Goranboya səfəri planlaşdırılır.
Artur Lenk, İsrail parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələnin müzakirəsinə də münasibət bildirib. O deyib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır: «Lakin İsrail müstəqil demokratitk ölkədir. Ona görə də istənilən məsələ parlamentdə müzakirə oluna bilər». Artur Lenk, yəhudilərin soyqırımını da siyasi məsələ hesab etmədiyini bildirib və deyib ki, bu, tarixçilərin müzakirə etməli olduğu mövzudur.
Günün ikinci yarısında Artur Lenk Goranboyun Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində olacağı, eləcə də fermerlər və rayon gənclərinin nümayəndələri ilə görüşəcəyi gözlənilir. |