| |
Ramazan Quran ayıdır, ibadət ayıdır, Allaha yalvarmaq, günahlardan qurtuluş məqamıdır, Ramazan fürsətdir, Ramazan üzümüzə açılan qapıdır, elə bir zaman möhləti, elə bir məqam, elə bir fürsətdir ki, sözlə ifadə eləmək mümkün deyil. Allah-Təala buyurur ki, bütün ibadətlər bəndənin özü üçündür, sadəcə, Ramazan orucu Mənim üçündür və onun mükafatını da Özüm verəcəm. Bir mükafatı ki, Allah-Təala bizim üçün öz dərgahında gizli saxlayır və sadəcə, onun müjdəsini bizə çatdırır, demək, bizim bu insan təsəvvürümüz Onun bərəkətini, gözəlliyini, ləzzətini əhatə edəcək qədər deyil. Nə düşünsək, ağlımıza hansı mükafatı gətirsək, yenə Allah-Təalanın vəd etdiyi və bizi qovuşduracaq o mükafatın yanında çox-çox sönük, çox-çox bəsit olar. Ramazan hikmət ayıdır. Bu ayın elə bərəkəti, elə gözəllikləri var ki, saymağa başlasaq, bu yazıda qurtara bilmərik.
Ramazan fəlsəfəsi
İnsan bir məxluq olaraq ruhdan və bədəndən ibarətdir. Ruhun öz qidası, bədənin öz istəkləri var. Biz bir məxluq olaraq gündə 3 dəfə yeməklə orqanizmin tələbatını ödəyə bilirik. Amma ruhumuzu doyurmaq üçün, onun ehtiyaclarını təmin eləmək üçün gündə 5 dəfə Allahın dərgahında səcdəyə qapılmalıyıq. Demək, ruhun ehtiyacı və istəkləri cismimizin ehtiyac və istəklərindən daha çoxdur. Ramazan insana öz bioloji istəklərini sıxıb minimuma endirməyi öyrədir. Oruc tutan insan nəfsinin deyil, ruhunun tərəfini saxlayır. İnsan yaradılmışların əşrəfidir, yəni ən üstünüdür. Allah-Təala Qurani-Kərimdə açıq-aşkar buyurur ki, Mən insanı insanın özündən daha yaxşı bilirəm. Bu həqiqətə şübhə edən imansız olar. Əlbəttə, belədir. Çünki bizi O yaradıb, bizim istəklərimizi, ehtiyaclarımızı, ruhumuzun nə ilə rahat olacağını, nə ilə doyacağını O bilir. Və Allah-Təala onu da aydın buyurur ki, insanın ruhu dünya gözəllikləri ilə deyil, ancaq və ancaq cənnət neməti ilə rahat ola bilər. Yəni biz bir yaradılış, bir məxluq olaraq ən primitiv şəkildə ifadə etsək, bir mexanizm olaraq bu dünya nemətlərilə rahatlanmamalıyıq. Daha doğrusu, insan elə yaradılmışdır ki, ancaq cənnətdə rahatlıq tapa bilər. Çünki dünya kimi onun gözəllikləri də, sevdası da fanidir, ötəridir. İnsan bu dünyaya kölgəsində oturub dincini alandan sonra durub yoluna davam edəcəyi bir ağac dibi kimi baxmalıdır. Ona görə də cisminin, bədəninin istəkləri altında əzilən, ona tabe olan, axirətini düşünməyən, bu dünyanın zövqünə, ləzzətinə, dadına aldanıb qalan elə bu dünyanın ötəri ləzzətindən başqa bir şey dadmayacaq, bunu da Allah-Təala buyurur və buyurur ki, onlar axirət günü əliboş qalacaqlar. Allah-Təalanın mərhəməti sonsuzdur. Kim həyatı boyu bircə dəfə də olsa, içindən gələn ən səmimi duyğu ilə Onu çağırarsa, “Allahu-Əkbər”, “La-İlahə İllallah” deyərsə, mütləq onun qarşılığını alar.
Mömin ömrü Ramazana bənzər
Yuxarıda dediyimiz kimi, Ramazan orucu bədəni gün boyunca bir çox şeydən məhrum qoymaqdır. İlin başqa ayları üçün gün boyunca yemək-içmək insana anasının südü kimi halaldır. Amma bircə bu ayda üzürlü səbəb yoxdursa, müsəlmanın oruc tutmaması günahdır və bunun Allah qarşısında sorğu-sualı var. Biz yazımızda mömin həyatından danışırıq. Yəni Ramazan ayı boyunca həssaslıqla, səmimiyyətlə və mükafatını Allah-Təaladan alacağına əmin olaraq Oruc tutan möminin duyğularından, niyyətindən bəhs edirik. Bəli, bir ay boyunca Allah-Təalanın əmrinə əməl edərək gündüzlər bir çox şeylərdən uzaq durursan. Ay başa çatır, bayram gəlir, amma indi mütləq nəsə yeməlisən. Yeməlisən ki, Allahım, Ramazan ayı boyunca Sənin əmrinə əməl edib oruc tutduğum kimi, bizə bir nemət olaraq verdiyin bu bayramın da bayram olduğunu ruhuma hopdurmaq istəyirəm. Ramazanın sonu bayramdır. Təbii ki, bir çox ibadət kimi, Ramazan da ilk mərhələdə nəfsimizə bir qədər ağır gələ bilər, amma bu ibadəti yerinə yetirməkdə bizim ən böyük dəstəyimiz, ən böyük köməyimiz elə Allahı düşünməyimiz, Onu xatırlamağımız və Onun əmri olduğu üçün bu ibadəti yerinə yetirməyimizdir. Bu düşüncə oruc tutan üçün misilsiz güc qaynağıdır. Amma siz bu gözəlliyə, bu fəlsəfəyə diqqət yetirirsinizmi? Bu ibadətin sonu bayramdır, Ramazan bitir, ardınca bayram gəlir. Allah-Təala əmrlərini yerinə yetirən bəndələrinə bayram duyğusu, bayram sevgisi nəsib edir. Mömin həyatı da ramazan ayı kimidir. Bilal Həbəşinin ölümünü xatırlayın, Mövlananın Haqqa qovuşmasını göz önünə gətirin. O ölüm dərd deyil ki, ağrı deyil ki, sevgidir, toy-bayramdır. Bəli, möminin ölümü də Ramazanın ardınca gələn bayram kimidir.
Anadan yeni doğulmuş kimi
Müjdələnir ki, Ramazan ayının əvvəli Allah-Təalanın rəhməti, ortası biz bəndələrin günahlarının bağışlanması, sonu isə bizim cəhənnəm alovundan qurtuluşumuzdur. Elə həyatda ikən bu müjdəni öz ruhumuzda axtarmağa çalışaq. Əslində bayram o adamlar üçündür ki, onlar bunun zövqünü, ləzzətini ruhunda hiss edə bilirlər. Bayram onda bayram olur ki, günahlarımızın bağışlanmasına inanırıq. Bayram onda bayram olur ki, biz Allaha təslimiyyətimizi bütün ruhumuzla ifadə edə bilirik. Bayram onda bayram olur ki, bu ibadəti yerinə yetirib başa çatdırandan sonra alnımızı səcdəyə qoyub: “Allahım, bu üzüqara qulun Sənin əmrini yerinə yetirdi və Sənin mərhəmətinə möhtacdır, Səndən başqa üz tutacaq, əfv diləyəcək bir ünvan, məkan tanımır. Günahlarımı əfv elə, Allahım. Məni bu dünyada da, axirətdə də saleh bir qulun, bəndən olaraq qəbul elə və Həzrəti Yusifin buyurduğu kimi məşhərdə də saleh qulun olaraq həşr elə”. Bayram onda bayram olur ki, ruhumuz sevinir, duyğularımız bu ibadəti yerinə yetirmənin gətirdiyi şirin bir duyğu ilə aşıb-daşır. Bayram könüllərin təntənəsidir, ruhların coşqusudur.
Sevgi və ziyarət fürsəti
Bayramda insanlar bir-birini təbrik edərlər, xoş söz söyləyərlər, kiçiklər böyükləri, övladlar valideynlərini ziyarət edərlər, əllər öpülər bu bayramda. Ramazan ayı boyunca yumşalmış, incəlmiş, gözəlləşmiş könüllər dua edər bir-birinə. Ramazan bayramı həm də doğmaların bir araya gəlməsi, uzun müddət görüşməyənlərin görüşməsi üçün çox gözəl fürsətdir. Hələ qədimdən bəri xalqımızda belə bir adət var ki, bu bayramlarda hər kəs özünü doğma yurduna-yuvasına, kəndinə-kəsəyinə çatdırar, göz açıb gördüyü, tanıyıb ehtiram bəslədiyi ağsaqqallarının, ağbirçəklərinin əlini öpər, onların xeyir-duasını alar.
Bir dost ayrılığı kimi
Ramazanın son günlərində və eləcə də bayramında istəsən də-istəməsən də, içinə bir kövrəklik, bir nisgil dolur. Zarafat deyil, öyrəşdiyin həyat ritmindən ayrılırsan, iftardan, sahurdan ayrılırsan və bu ayrılıq məqamında da bir daha görüşüb-görüşməyəcəyini düşünürsən. Mömin ömrünü Ramazandan-Ramazana hesablayar və hər ayrılanda da: “Allah-Təala bizi daha xeyirli, daha bərəkətli Ramazana qovuşdursun” deyə içindən dua edər. Ramazan ayların Sultanıdır və ilin bu sultanlıq məqamından ayrılmaq kövrəldir bizi. Amma necə duyğulanırsan-duyğulan, necə kövrəlirsən-kövrəl, Uca Yaradanın nizamı içində təskin olmaqdan, tətmin olmaqdan başqa bir zövq, bir ləzzət arama. Biz bir ay boyunca oruc tuturuq və əgər layiqincə tuta bilsək, 11 ay boyunca da o oruc bizi tutur. Bir söz var, hər dəfə xatırlayanda kövrəlməyə bilmirəm. Deyirlər ki, möminin ölümü onun iftar açmağı kimidir. İnsan bir həyat boyunca günahlara, Allahın xoşuna gəlməyən əməllərə qarşı oruc tutursa, əlini-dilini, gözünü haramdan qaçırırsa, hər addımda Allah qorxusunu düşünərək Onun sevgisindən, mərhəmətindən məhrum olacağı əndişəsini daşıyırsa, əlbəttə, ölümü bir iftar olacaq. Ramazan bayramı bir-aylıq oruc ibadətinin ardınca gələn mükafatdır. Amma kiçik mükafatdır. Çünki biz bu ayın böyük mükafatının da olduğunu və o böyük mükafata da Allah dərgahında hesab verərkən qovuşacağımıza inanırıq. Ramazan bayramınız mübarək olsun, Allah-Təala bizləri bir-birindən xeyirli, bərəkətli Ramazanlara qovuşdursun!
Zaman
|