| |
Geri |
|
| |
 |
Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib
30.04.2008 11:14:46
Mixail Saakaşvili: «Müəyyən qüvvələr sizin əvəzinizə qərar qəbul edir və taleyinizin necə olacağı onları maraqlandırmır» |
|
| |
Gürcüstan prezidenti Mixail Saakaşvili Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib. Prezident bəyan edib ki, Gürcüstan hökuməti münaqişələrin sülh yolu ilə həllinə çalışacaq: «Gürcüstan hökuməti beynəlxalq ictimaiyyətin tanıdığı sərhədləri daxilində münaqişələrin sülh yolu ilə tənzimlənməsi, mübahisəli ərazilər də daxil olmaqla bütün əhalisinin həyatının yaxşılaşmasına çalışır».
Gürcüstan prezidenti abxaz və osetinlərə müraciət edərək, ayrı-ayrı millətlərin nümayəndələri olsalar da, eyni məqsəd uğrunda fəaliyyət göstərdiklərini, yəni sülh içində yaşamağa çalışdıqlarını deyib. Mixail Saakaşvili Rusiya Federasiyasını da tənqid edərək abxaz və osetinlərin əvəzinə qərar qəbul etdiklərini deyib: «Müəyyən qüvvələr sizin əvəzinizə qərar qəbul edir və taleyinizin necə olacağı onları maraqlandırmır. Onlar özləri yaratdıqları münaqişə şəraitinin davam etməsində maraqlıdırlar. Onlar bizi qarşı-qarşıya gətirmək istəyirlər».
Tanınmamış Abxaziya respublikasının lideri Serqey Baqapş və tanınmamış Cənubi Osetiya respublikasının lideri Eduard Kokoytı Saakaşvilinin bəyanatına cavab olaraq vahid Gürcüstan hökuməti tərkibinə daxil olmayacaqlarını deyiblər. Baqapş bildirib ki, onlar artıq öz seçimlərini ediblər və Gürcüstanla birləşmək niyyətində deyilər. Cənubi Osetiya respublikasının lideri Eduard Kokoytı isə bildirib ki, onlar artıq Gürcüstan dövlətinin tərkibində olublar və dəfələrlə soyqırıma məruz qalıblar. Onun sözlərinə görə, Cənubi Osetiyanın Gürcüstan dövləti tərkibində heç bir perspektivi yoxdur. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|