| |
«Seçki Məcəlləsinə əlavə və dəyişikliklər indiki variantda qəbul olunsa, prezident seçkilərində öz namizədimizlə iştirakın heç bir mənası qalmır»- partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib. Qəzənfəroğlu vurğulayıb ki, əgər seçkidə 300 min manat depozit qoymaq məsələsi reallaşacaqsa, seçkidə iştirakdan imtina edəcək. «10 günə 45 min imza toplamağı ancaq əlində inzibati resursları olan hakimiyyət edə bilər. İmza toplayarkən müxalifətə müəyyən maneələr yaradılacağı da gözləniləndir» - deyən Qəzənfəroğlu bildirib ki, Məcəlləyə əlavə və dəyişikliklər indiki variantda qəbul olunsa, BQP başqa bir namizədi dəstəkləmək yolu tutacaq. «Biz yeni ideyalarla çıxış edən mütərəqqi dəyişikliklər vəd edən namizədlərə müsbət yanaşırıq. Onun müxalifətdən və ya müstəqil olması elə böyük əhəmiyyət daşımır. Hələlik belə bir düşüncədə deyilik ki, hakimiyyətin namizədini dəstəkləyək. Hakimiyyətin namizədini dəstəkləsək, hakimiyyət cinahında olarıq. Ancaq gedişatda, ümummilli məsələlərdə konsensus yaransa, hakimiyyət təmsilçisinin Qarabağ məsələsi ilə bağlı atacağı addımlar qaneedici olsa, bu mövzuda düşünmək olar» - deyə o əlavə edib. |