| |
Azərbaycanda Taxıl Fondunun yaradılması məsələsi çoxdan müzakirə olunsa da, indiyədək onun yaradılmasına ehtiyac görünmürdü. Amma dünya bazarında yaranan ərzaq böhranı, ərzağın sürətlə bahalaşması, bəzi ölkələrdə yaranan ərzaq qıtlığı məsələni dəyişdirib. Bəzi dövlətlərin xaricə taxıl satışına qadağa qoyması isə dünyanın digər ölkələrini ehtiyat tədbirləri görməyə vadar edib. Çörək üçün taxılın 60 faizini xaricdən alan Azərbaycanda isə Taxıl Fondunun yaradılması zəruriyyətə çevrilib.
Taxıl Fondunun yaradılmasında məqsəd nədir? Taxıl haqqında qanuna əsasən, Taxıl Fondu fəvqəladə hallarda əhalinin taxıl məhsullarına tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq və lazım gəldikdə, daxili bazarda kəskin qiymət dəyişmələrinin qarşısını almaq üçündür. Dövlət başçısının fərmanına görə, Taxıl Fondu üçün taxılın alınması, sifarişləin yerləşdirilməsi və nə qədlər taxıl lazım olması məsələlərini Nazirlər Kabineti həll edəcək. Taxıl Fondunun idarə edilməsi isə Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Qanuna görə, Taxıl Fondu üçün taxıl yerli istehsal, zərurət olduqda isə idxal taxılı hesabına alınır.
Taxıl Fonduna taxıl necə alınacaq? Qanuna görə, dövlət sifarişçiləri hər il fonda minimum qiymətlərlə taxıl alınması barədə mətbuatda elanlar verəcək və istehsalçılarla əvvəlcədən müqavilə bağlayacaqlar. Əgər taxılın tədarükü zamanı bazardakı real qiymətlər müqavilədəki qiymətdən yüksək olsa, onda hökumət, yəni Nazirlər Kabineti bu qiymətə düzəliş edir.
Qanundan məlum olur ki, bu fondun yaradılması xüsusilə yerli taxıl istehsalçılarının xeyrinə olacaq. Belə ki, qanuna görə, Taxıl Fondu yerli istehsalçılardan taxıl alanda onun azı 30 faizinin pulu avans kimi əvvəlcədən ödənilməlidir. Taxıl Fondu ölkənin taxıl bazarını tənzimləməyə imkan verəcək. Yeri gəlmişkən, prezidentin bu fərmanında taxıl bazarının tənzimlənməsinə dair bəzi məsələlər də dəqiqləşib. Məsələn, fond üçün xaricdən taxıl alınmasına ehtiyac yarananda ölkəyə nə qədər taxıl və taxıl məhsulunun lazım olduğunu da Nazirlər Kabineti müəyyənləşdirir və bu barədə qərar qəbul edir. Bundan sonra xaricdən taxıl alınması barədə sifarişlər verilir. Qanuna görə, hər ilin yanvar ayında dövlət sifarişçiləri olan təşkilatlar fondun vəziyyəti buradə Nazirlər Kabinetinə hesabat verir və bu hesabat ictimaiyyətə açıqlanmalıdır.
|