| |
Bu ilin yanvar ayı ərzində Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət indeksi 0,3% və yaxud (0,9 pillə) artaraq 315,9 bənd səviyyəsində qərarlaşıb, bazar üzrə orta qiymətlər 1,5% artıb. Bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib. Artım əsasən təkrar mənzil bazarı və kommersiya sahələri bazarında daha bahalı obyektlərin çoxalması hesabına baş verib. Təkrar mənzil bazarında qiymət indeksinin dəyişməsi ay ərzində 3,2% artımla müşahidə olunub. Bazarda formalaşmış yüksək qiymətlər hələ ötən il bazarın aktivliyini xeyli azaldıb. Yanvar ayı ərzində orta qiymətdən aşağı qiymətə bazara təklif olunmuş mənzillərin payı 7,8% azalıb (ümumi portfelin 58,5%-ni təşkil edib), bahalı mənzillərin payı isə tam əksinə olaraq 13,4% artıb (41,5% təşkil edib). Şəhər üzrə təkrar bazarda orta qiymətlər ay üzrə 1577 $/kv.m səviyyəsində qərarlaşıb. Ay ərzində ən çox qiymət artımı II və III zonalarda (müvafiq olaraq 9,6% və 1,2%), qiymət azalması isə I və IV (2,5% və 4,1%) zonalarda müşahidə edilib. Layihələr üzrə ən çox «eksperimental» və «yeni tikili» layihəli mənzillərin qiymətlərində artım (müvafiq olaraq 8,4% və 7,2%) olub. Təkrar bazarın təklif portfelində «yeni tikililər»in payı 22,2%, «Leninqrad» layihəli mənzillər 23,3% təşkil edib. Mənzillərin şəhər üzrə orta qiymətləri 4,2% artaraq 106 283 ABŞ dolları, orta sahəsi artaraq 77 kv.m, orta otaq sayı isə 2,58-ə bərabər olub. Fərdi həyət evləri üzrə orta qiymət yanvar ayının sonuna 226 724 dollar və ya 1 453 dollar/kv.m təşkil edib. Satışa təklif olunan fərdi evlərin həyətyanı torpaq sahələri 4,8 sot, yaşayış sahəsi 156 kv.m və otaqlarının orta sayı isə 4,1 təşkil edib. Ay ərzində müşahidə olunmuş –1,6% qiymət azalması bazarda qeyri-mövsümi aylarla bağlı aktivliyin aşağı düşməsi ilə izah edilir. İlkin bazarda təklif portfelinin həcmində azalma müşahidə edilib. Tikintisi aparılan bir sıra binalarda satış qismən məhdud xarakter alıb. Ay üzrə qiymət indeksinin artıma doğru dəyişməsi 0,3% təşkil edib və ayın sonuna şəhər üzrə orta qiymətlər 1028 dollar/kv.m səviyyəsində qərarlaşıb. Tikintisi aparılan binaların şəhər üzrə orta mərtəbə göstəricisi 15,3 mərtəbə, mənzil sahəsi 121,8 kv.m, mənzildə orta otaq sayı 2,6 və qeyri-yaşayış sahələrinin ümumi həcmdə payı isə 9,5% təşkil edib. Torpaq bazarında yanvar ayı ərzində qiymət indeksində -0,8% azalma qeydə alınıb. Yanvarın sonunda 1 sot torpağın qiyməti orta hesabla 23 125 dollar olub. Kirayə mənzil bazarında orta qiymət dəyişməsi yanvar ayı ərzində 0,7% artım ilə qeydə alınıb. Şəhər üzrə (I və II zonalarda) qeydə alınmış orta qiymətdən (685 dollar/mənzil) yuxarı qiymətə təklif olunan mənzillərin qiymətlərində azalma baş verib. Kommersiya sahələri bazarında qiymət indeksində son ayda artım müşahidə edilib. Ötən ilin dekabr ayı ilə müqayisədə bu artım 1,2% təşkil edib. Nəticədə, qiymət indeksi 0,7 bənd artaraq 334,9-a çatıb və yaxud orta təklif qiyməti 1,2% artaraq 2770 dollar/kv.m səviyyəsində qərarlaşıb. Kommersiya obyektlərinin icarəsində isə qiymət indeksinin dəyişməsi ay ərzində 0,9% artımla müşahidə edilib. Şəhər üzrə orta icarə qiyməti 22,2 dollar/kv.m səviyyəsində olub. Yanvar ayında daşınmaz əmlakdan gəlirlik 2,5% azalaraq 8,16% təşkil edib. Əmlakın kapitallaşma müddəti yaşayış sahələri üzrə 18,2 il və qeyri-yaşayış sahələri üzrə 18 il təşkil edib.
|