| |
«Bu il ölkədə meyvə-tərəvəz bol olacaq». Bu barədə Kənd Təsərrüffatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. O qeyd edib ki, bu il kənd təsərrüfatı, xüsusilə bitkiçlik məhsulları istehsalı ilidir.
S.Vəliyevin sözlərinə görə, bu il hava şəraiti keçən illərə nisbətən normal olduğundan, fermerlər aqrotexniki tədbirləri vaxtında apara biliblər: «Eyni zamanda, yaz aylarında hava da normal keçdiyindən, çəyirdəkli meyvə bitkilərinin, xüsusilə gilasın, gavalının, əriyin, şaftalının çiçəkləməsi normal mayalanma prosesinin getməsinə səbəb olub. Ona görə də bu il çəyirdəkli meyvə bitkiləri keçən ilə nisbətən daha çox olacaq. Ümumiyyətlə, kənd təsərrüffatı, xüsusilə ərzaq üçün istifadə olunan meyvə, tərəvəz, giləmeyvə istehalı həcmi keçən ilə nisbətən xeyli artacaq. Eyni zamanda, taxılın da məhsuldarlığı artacaq. Çünki taxılın əkini sahəsi də keçən ilə nisbətən xeyli artıb. Biz planlaşdırırıq ki, taxıl istehsalı keçən ilə nisbətən təxminən 250 min ton artacaq».
S.Vəliyev vurğulayıb ki, məhsul bol olduqca, qiymətlərə də təsir göstərəcək və qiymətlər aşağı düşəcək: «İstehsal prosesi artdıqca, qiymətlər də müəyyən qədər azalacaq. Qiymətlər birbaşa bazarda bolluğun yaranması ilə bağlıdır. Əgər bolluq yaranarsa, istehsal çox olarsa, qiymət də azalacaq». O qeyd edib ki, ölkənin bütün rayonlarında, xüsusilə Quba-Xaçmaz, Şəki-Zaqatala bölgəsində, Lənkəran-Astara bölgəsində külli miqdarda tərəvəz islehsalı qiymətlərin enməsinə təsir göstərəcək. |