| |
Məşhur konq-fu ustası, kino ulduzu Brus Linin Honq Konqdakı evi satılır. APA-nın məlumata görə, Koulun Tonq yaşayış sahəsində yerləşən, B. Linin ömrünün son illərini yaşadığı 2 mərtəbəli ev 13 milyon ABŞ dollarına satışa çıxarılıb. Konq-fu ustasının 1973-cü ilə qədər yaşadığı evin indiki sahibi, xeyriyyəçi, 86 yaşlı Yu Panqlin jurnalistlərə deyib ki, mülk satılarsa, həmin 13 milyon dollar Çinin Siçuan vilayətində baş verən zəlzələdən zərər çəkənlər üçün açılan bank hesabına köçürüləcək. Y. Panqli bildirib ki, B. Linin vaxtilə yaşadığı evlə yanaşı, Honq Konqdakı 4 evini də satır. Qeyd edək ki, mayın 12-də Çinin Siçuan vilayətində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıq 50 mini keçib. |