| |
“Zibillər inkişaf etməkdə olan ölkələrə satılır və həmin ölkələr tullantılardan yeni məhsullar istehsal edirlər”. Britaniyadan dünyanın müxtəlif ölkələrinə yenidən istifadə oluna bilən məişət tullantıları satılır. Britaniyada nəşr olunan “The Mail on Sunday” qəzetinin verdiyi məlumata görə, Britaniyanın tullantılarını alan ölkələr sırasında Azərbaycan da var. Qəzet bildirir ki, ötən il 14 milyon ton qəzet, plastik və metal qırıntıları 75 ölkəyə satılıb. Bu ölkələr arasında Qvineya, Liviya və Azərbaycan da var. Şəhər şurasından isə, Britaniya zibillərini emal etmək üçün seçilmiş özəl şirkətlərin artıq bu zibillərin öhdəsindən gələ bilmədiyini deyiblər. Şura rəsmiləri bunu, Britaniyada yenidən istifadə oluna bilən məişət tullantılarının həcminin rekord həddə çatması ilə izah edib. Xəbərdə, "Buna görə də, zibillər inkişaf etməkdə olan ölkələrə satılır və həmin ölkələr tullantılardan yeni məhsullar istehsal edirlər" - deyə yazılıb. Qəzetin məlumatına görə, zibili alan ölkələr arasında Türkiyə 2.4 milyon ton metal, 260 ton plastik və 13 ton qəzetlə ilk sıradadır. Ətraf Mühit Nazirliyindən isə bildiriblər ki, zibillərin xaricə ixracı qanunsuzdur. |