| |
Bir ustad tələbələrdən birini bulağa göndərir ki, bir kuzə su gətirsin. Tələbə qaça-qaça bulağın başına gəlir və görür ki, özü ilə yaşıd uşaqlar futbol oynayırlar. Uşaqlıq hissi üstün gəlir və kuzəni bir tərəfə qoyub onlara tamaşa eləməyə başlayır. Çox keçmir ki, onu da oyuna qatırlar və bir də ayılır ki, gün əyilib, amma o, ustadına su aparmayıb. Tez uşaqlarla sağollaşıb kuzəni bulaqdan doldurur, qaça-qaça geri qayıdır. Onun belə gec gəldiyini görən digər tələbələr çox əsəbiləşirlər və istəyirlər ki, onu döysünlər. Bu zaman müəllim onları sakitləşdirir və belə deyir: “Tələsməyin, onun qəlbini qırmayın. Mənim qismətimdə olan bu su hələ torpağın dərinliyində idi. Bu su çeşmənin gözünə gəlməmiş, o, qabı necə doldurub gətirə bilərdi? O, gözləməli idi ki, qismətindəki su bulağın ağzına gəlsin və kuzəni doldurub mənə gətirsin. Qismətdən artıq yemək olmaz ki...” |