| |
BAXCP-nin bu gün keçirilmiş ikinci qurultayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə qəbul edilib. Partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qətnamədə Azərbaycanın sülh danışıqlarından imtina etməsi və Ermənistan qarşısında işğal olunmuş ərazilərin azad edilməsi üçün bir il vaxt qoyulması tələb edilir: «Əgər Ermənistan bir il ərzində də danışıqlarda konstruktivlik nümayiş etdirməsə, Azərbaycan hərbi yolla işğal altındakı əraziləri azad etməlidir».
Bunun BAXCP-nin prinsipi olduğunu deyən Qüdrət Həsənquliyev hesab edir ki, istənilən xalqın ərazi bütövlüyünü təmin etmək hüququ var. Partiya sədrinin sözlərinə görə, qurultaydan sonra da BAXCP-nin Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyəcək: «Bəzi müxalifət partiyaları problemin qeyri-diplomatik yolla həlli ilə bağlı açıqlama verməkdən çəkinirlər. Çünki bu, beynəlxalq təşkilatların xoşuna gəlməyə bilər. Amma biz çəkinmədən deyirik ki, BAXCP müharibə partiyasıdır və torpaqların istənilən yolla azad edilməsini istəyir. Buna görə heç kim bizi qınaya bilməz. Əksinə, biz bizi qınayanlara deməliyik ki, məsələnin sülh yolu ilə həllini istəyirsinizsə, işğalçını bu yoldan çəkindirin. Amma «biz tərəflərin əldə etdiyi razılaşmanı dəstəkləyəcəyik» deyənlər Azərbaycanı güzəştlərə məcbur etməyə çalışır. Bu mövqedə olanlar utanmalıdır, biz yox».
BAXCP inanır ki, Azərbaycan Ermənistandan güclü dövlətdir və işğalçını əzmək iqtidarındadır. Partiya təklif edir ki, müharibə Ermənistan ərazisinə keçirilməli və bu ölkə, Rusiyanın nəzarətində olan cinayətkar rejimdən qurtulmalıdır: «Biz orada demokratik, xalq tərəfindən seçilmiş hakimiyyət qurmalıyıq. Bu, kiməsə xülya kimi görünə bilər. Amma biz bunu edə bilərik». |