| |
ANS TV-nin «Hesabat Mir Şahinlə» verilişinin qonağı olan ABŞ dövlət katibi köməkçisinin müavini Mətyu Brayzə Bakıya son səfəri barədə düşüncələrini bölüşür.
SUAL: Bakıya səfəriniz nə ilə bağlı idi?
CAVAB: Mən Bakıya təkcə son dörd həftə müddətində darıxdığıma görə yox, təbii ki, həm Qarabağ, həm energetika, həm də seçkilərin demokratikliyi kimi çox ciddi məsələləri müzakirə etmək məqsədilə gəlmişəm. Mən burada olduğum müddətdə isə Ağdamda, Ağdam bölgəsində atışmaların olduğu barədə bəd xəbərlər də gəldi. Belə ki, bu səfər zamanı butun bu məsələləri müzakirə etdik.
SUAL: Hər halda ATƏT-in Minsk Qrupunun həmsədri kimi ən doğru xəbər Sizdə olar? Əslində nə baş verib orada?
CAVAB: Bu saat orada nə baş verdiyini 100 faiz dəqiqliyilə demək çox çətindir. Ona görə ki, bizim bölgəyə hələ ki, çıxışımız yoxdur. Amma mən buradakı hörmətli dostlarımızdan eşitmişəm ki, atışmanı qarşı tərəf başlayıb. Ermənilər isə deyirlər ki, yox bunu azərbaycanlılar ediblər. Mən indi deyə bilmərəm ki, kim edib? Bəlkə də biz heç vaxt bunun necə başladığını bilməyəcəyik. Təəssüf ki, vaxtaşırı belə şeylər baş verir, situasiyaya təsir göstərə biləcək siyasi fon təbii ki, var. 100 faiz nəyin baş verdiyini bilmirəm. Amma onu bilirəm ki, vəziyyət sabitləşib və indi heç kim atəş açmır. Allaha şükür ki, generallar mənim bildiyimə görə, əlaqədədirlər və vəziyyət sabitləşir. Bu yaxşıdır.
SUAL: Prezidentlə görüşdünüz. Bu görüş barədə nemək olar mətbuata?
CAVAB: Əvvəla onu demək olar ki, bizim ölkələrimiz arasında güclü tərəfdaşlıq var. Sıx dostluq var. Və biz çox mühüm strateji maraqlar bölüşürük. Bundan əlavə, aramızda çox yaxşı humanist hisslər var. Biz Azərbaycana yaxın münasibətdəyik. Əlbəttə, biz Qarabağ məsələsini müzakirə etdik, təmas xəttindəki vəziyyəti müzakirə etdik, mühüm məsələdir bu. Prezident məni sakitləşdirdi. Ona görə ki, mən bu vəziyyətə çox diqqət yetirirəm. Biz energetika məsələlərini, Azərbaycanın NABUKKO-ya, Türkiyə-Yunanıstan və İtaliya qaz kəmərinə qaz vermə niyyətini müzakirə etdik. Mən əminəm ki, Azərbaycanın NABUKKO-nu doldurmağa kifayət qədər qazı var. Amma həm Avropada, həm də Azərbaycandakı investorlar arasındakı niyyət və investisia planlarını əlaqələndirmək lazımdır.
SUAL: Mən bir neçə gün əvvəl Sizdən müsahibə götürəndə dediniz ki, Birləşmiş Ştatlar və ATƏT Ermənistana müraciət edib?
CAVAB: Bildiyiniz kimi biz Ermənistanda seçkilərdən sonra, bu prosedurun başlanğıcında bəyan etdik ki, indiyədək seçkilər az-çox normal görünürdü. İlkin nəticələrlə bağlı onu da demişdik ki, düzəldilməsi zəruri olan bir sıra mənfi hallar da olub. İndi isə bir qədər vaxt keçib, biz daha çox məlumat əldə etmişik və hesab edirik ki, seçkilərin pis elementləri daha çoxdur, hətta onlar faciəvi nəticələrə - şənbə hadisələrinə aparıb çıxardı. Biz indi də Ermənistan hökumətinə və erməni cəmiyyətinə müraciət edirik ki, zorakılığıa əl atmasınlar, bir-birləri ilə dialoqa başlasınlar. Biz çox istərdik ki, Ermənistan hökuməti fövqəladə vəziyyət rejimini aradan qaldırsın. İndi isə mən İrəvana gedirəm ki, siyasi böhranı aradan qaldırmağa kömək edim. Mən adi bir diplomatam, amma bu məqsədlə əlimdən gələni edəcəyəm.
SUAL: Mən yenə də sizin mənə müsahibənizə istinad eəcəyəm. Siz dediniz ki, Departament xalqı təbrik edib. Niyə xalqı?
CAVAB: Ona görə ki, onda biz hər şeyi bilmirdik. Biz bütün şəraitlə tanış deyildik.
SUAL: İcazə verin müdaxilə edim, çünki mənim bildiyimə görə, belə bir təcrübə yoxdur ki, əvvəl xalqı təbrik edəsən, sonra hökuməti.
CAVAB: Yox, belə hallar olub. Yanvarda Gürcüstandakı seçkilər zamanı da biz belə etdik. Onda biz ilkin bəyanatı veririk. Bütün hadisələrin bir hissəsini bildiyimizə görə. Bəzən situasiya əvvəl sonrakı vəziyyətindən daha yaxşı görünür. Biz müşahidələr apardıq, ATƏT-in rəyini eşitdik. Və buna görə də belə qənaətə gəldik ki, vəziyyət o qədər də pis deyil. Bu səbəbdən də erməni xalqını təbrik etdik. Seçkilərin nə dərəcədə yaxşı keçdiyini bilmədən. Biz biləndə ki, seçkilər yaxşı keçib, onda hökuməti də təbrik edirik.
SUAL: Amma 2003-cu ildə Azərbaycan xalqını təbrik etmədiniz. Bizdə də seçkilər keçirildi. Ermənistandakı kimi olmasa da, bizdə də hökumət və müxalifət arasında toqquşma oldu. Kənardan elə görünür ki, Sizin Azərbaycana münasibçətiniz bir, Ermənistana isə tamamilə başqa cürdür.
CAVAB: Yox, mən çox minnətdaram bu suala. Belə bir sualın verilməsi əladətlidir. Amma sual özü ədalətli deyil. Çünki 2003-cü ildə biz Azərbaycan xalqını da təbrik etmişdik. Əvvəl. Amma sonra bir sıra problemlər çıxdı. İndiki halda isə biz erməni xalqını şənbə gününədək, o nəhəng problemlər baş verməzdən əvvəl təbrik etmişdik. Burada ziddiyyət yoxdur. Ona qədər biz xalqı təbrik etdik, hadisələrdən sonra isə heç kimi təbrik etmədik.
SUAL: Biz son zamanlar müxtəlif bəyanatlar eşidirik. Əvvəlcə Koçaryan bəyan edir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi dondurulucaq. Sarkisyan isə danışıqların davamına hazır olduğunu deyir. Kimə inanaq biz?
CAVAB: Bilmirəm. Baxarıq. Amma indi Ermənistanın prezidenti Robert Koçaryandır. Ola bilsin ki, tezliklə prezident Serj Sarkisyan olsun. İnoqruasiyadan sonra. İndi Ermənistanda hadisələr davam edir. Deməli Robert Koçaryan dediyini deyib. Şənbə hadisələrinə qədər mən situasiyaya nikbinliklə yanaşırdım. Hesab edirdim ki, növbəti prezident danışıqları davam etdirmək istəyəcək. İndi isə vəziyyət başqadır. Orada vəziyyət aydınlaşana və erməni xalqı prezidentin kim olması ilə razışana qədər prezidentlə danışıqlar aparmaq çətindir. Məntiq budur.
SUAL: Siz Ermənistana gedirsiniz. Yəqin ki, Ermənistanda olarkən təmas xəttində baş verən atışmanı da müzakirə edəcəksiniz?!
CAVAB: Əlbəttə. Mən erməni tərəfinin mövqeyini öyrənməliyəm. Həm həmsədr kimi, həm də ABŞ hökumətinin hər iki ölkə ilə əlaqələrə cavabdeh məmuru kimi. Mən artıq Ermənistanın xarici işlər naziri ilə əlaqədəyəm. Oskanyanla hələ dünən danışmışam. Əlbəttə, yerində olmaq lazımdır. Hər şeyi öz gözümlə görməli, qulaqlarımla eşitməliyəm.
SUAL: Və sonuncu sualım. Bizim sevimli müşketyorlarımız, həmsədrlərin növbəti səfəri nə vaxt olacaq?
CAVAB: İndi bunu qabaqcadan deyə bilmərəm. Mən həmişə səfir Kaspşiklə əlaqədəyəm. Onlar da, mən də İrəvana bu səfərimin nəticələrini gözləyirik.. Əlbəttə mən hiss edirəm ki, burada rəhbərlik Ermənistanda danışıqlar aparmaq iqtidarında olan rəhbərlik olarsa, dialoqu davam etdirpməyə həmişə hazırdırlar. Amma indi gərək biz onlara vaxt verək ki, öz məsələlərini həll etsinlər.
SUAL: Doğrudanmı orada vəziyyət belə ciddidir?
CAVAB: Mənə elə gəlir ki, şənbə günü orada, küçələrdə nəsə ciddi bir hadisə baş verib. Bu ciddi məsələdir. Nə qədər zavallı insan həlak olub. Hə, bu, ciddidir. Və bu ölkəyə kifayət qədər imkan və vaxt lazımdır ki, öz məsələlərini həll etsin.
ANS |