| |
Birlik Qarabağ probleminin tənzimlənməsi üçün aparılan danışıqların formatının dəyişdirilməsini təklif edir. Dünən ADP-nin Mərkəzi Qərargahında «Beşlər»in növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət geniş müzakirə olunub. ADP mətbuat xidmətindən ANS-PRESS-ə verilən məlumarta görə, toplantı iştirakçıları son vaxtlar Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə edərək belə qənaətə gəliblər ki, BMT Baş Assambleyasında Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qəbul edilmiş qətnamə ümumən müsbət addımdır. Eyni zamanda, bu qətnamənin qəbul edilməsində 100-dən artıq dövlətin bitərəf qalması, 9 dövlətin o, cümlədən ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin bu qətnamənin əleyhinə səs vermələri Azərbaycan diplomatiyasının səriştəsizliyi kimi dəyərləndirilib. Müzakirə iştirakçıları Minsk Qrupu həmsədrlərinin bu məsələdə birtərəfli mövqe tutmamalarını onların vasitəçilik missiyaları ilə bir araya sığmayan hal kimi qiymətləndiriblər. Toplantı iştirakçıları Ermənistan-Azərbaycan arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların formatının dəyişdirilməsi məqsədə müvafiq hesab ediblər. Müzakirələrdə həmçinin qeyd edilib ki, indiki halda Minsk Qrupunun mandatı çərçivəsində Ermənistan-Azərbaycan danışıqları Azərbaycan ərazilərinin Ermənistan dövləti tərəfindən işğaldan azad olunması ilə bağlı aparılmalıdır. Yalnız ərazilər işğaldan azad olunduqdan və qaçqın düşmüş Azərbaycan vətəndaşlarının öz yerlərinə qaytarıldıqdan sonra Azərbaycanın ərazi bütövlyü, suverenliyi çərçivəsində Dağlıq Qarabağın statusu müzakirə predmeti ola bilər. Toplantı iştirakçıları Dağlıq Qarabağın statusunun referendum və ya hər hansı səsvermə yolu ilə müəyyən olunması barədə aparılan danışıqların da yolverilməz olduğunu bildirmiş və bu məsələnin danışıqlar predmetindən çıxarılmasını vacib hesab etmişlər. Toplantıda son vaxtlar ölkədə günü-gündən ağırlaşan əhalinin sosial vəziyyəti də müzakirə edilmiş, yaranmış vəziyyət ölkədə hökm sürən inflyasiyanın, korrupsiyanın, rüşvətin və qeyri-azad rəqabətin təzahürü kimi qiymətləndirilmişdir. Müzakirələr zamanı tərəflər ölkə əhalisinin getdikcə dərinləşən kasıbçılıq həddinin qarşısının alınması üçün inflyasiya həddinə uyğun olaraq hökumət tərəfindən indeksasiya siyasətinin həyata keçirilməsini zəruri hesab etmişlər. Toplantı iştirakçıları prezident seçkiləri öncəsi ölkədə demokratik mühitin olmadığını, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi sahəsində geriləmələrin olduğunu qeyd ediblər. Eyni zamanda söz və fikir azadlığı ilə bağlı həbsdə və azadlıqda olan jurnalistlərin keçirdikləri aclıq aksiyasını dəstəklədiklərini bildiriblər. Sonda 2008-ci il prezident seçkiləri ilə bağlı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. Qeyd edək ki, «Beşlər»ə ADP, Musavat, AMİP, Tərəqqi partiyaları və «Azərbaycan Naminə» İctimai Forum daxildir. ANS
|