| |
«Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin maliyyələşdirilməsi üçün kreditin ayrılması məsələsinə Dünya Bankı (DB) Direktorlar Şurasının mayın 27-də keçiriləcək iclasında baxılacaq. Bu barədə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov məlumat verib. E.Sultanovun sözlərinə görə, həmin iclasda layihəyə kreditin ayrılmasının təsdiqlənəcəyi, layihənin icrası ilə bağlı tərəflər arasında müvafiq kredit sazişinin isə cari ilin avqust-sentyabr aylarında imzalanacağı gözlənilir. Bu ilin sonundan həyata keçirilməsi nəzərdə tutulan layihə 2008-2013-cü illəri əhatə edəcək. Ümumi dəyəri 54,6 mln. ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün DB Azərbaycana 26,7 mln. dollar kredit ayıracaq, qalan vəsait isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Ümumilikdə layihə üçün nəzərdə tutulan vəsaitin 12 mln. dollara yaxın hissəsinin Azərbaycanda pensiya islahatlarının aparılmasına, qalan vəsait isə sosial müdafiə sistemi sahəsində işlərin aparılmasına sərf ediləcək. Layihə çərçivəsində əmək bazarı institutlarının modernləşdirilməsi, əmək qanunvericiliyinə dəyişiklərin edilməsi, gənclərin məşğulluğu üçün texniki tədbirlərin görülməsi, aktiv məşğulluq proqramlarının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) icrası ilə əlaqədar reallaşacaq proqramlar da dəstəklənəcək. |