| |
Azərbaycanda analoqu olmayan yeni portal – YUMROO (www.yumroo.az) yaradıldı. Bu ticarət markasının mətbu nümayəndələrinə təqdimatı bu gün Park İnn otelində baş tutdu. YUMROO ticarət markasının təsisçiləri Anar Yolçuyev, Mikayıl Məmmədov və Aybəniz Hətəmzadənin sözlərinə görə, YUMROO, Google və Yahoo kimi nəhəng portallarla rəqabətə girməyə iddialıdır.
Portalın əsas məqsədi İnternet istifadəçilərinin və saytın özü üçün böyük imkanlar yaradan bir çox xidmətləri təqdim edərək Milli İnternetin daimi inkişafını stimullaşdırmaqdır. Yeni portal sayəsində Azərbaycan istifadəçiləri üçün İnternet daha rahat, asan və əlverişli olacaq.
YUMROO elektron ticarətini də fəal inkişaf etdirməklə yanaşı Yeni İqtisadiyyatın inkişafı üçün əsas drayver olacaq.
Hazırda portalın sınaq – Beta versiyası istifadəyə verilib. Yaxın gələcəkdə isə daha təkmilləşmiş – Alfa versiyası aktivləşdiriləcək.
Beta versiyasında istifadəçilərə müxtəlif İnternet resurslarından ən son xəbərləri, valyuta məzənnəsini, universal poçt xidmətini, aktiv olan sadə bloqsferanı, hava haqqında məlumatı və s. xidmətlər təqdim edilir.
Portalın təsisçiləri Mobil telefonlar üçün kontent, ən son vakansiyalar, bir çox pulsuz online oyunlar, milli messencer, Azərbaycan-rus-ingilis dillərində elektron lüğət, milli - ictimai şəbəkə, avtomobillərin satışı, müxtəlif mövzularda FAQ, ulduz falı və portalın Mobil versiyasının yaradılmasını nəzərdə tutublar. Həmçinin internet saytların, malların və xidmətlərin satılması üçün müxtəlif servislər də təqdim olunacaq. Bu yeni marketinq vasitələrinin köməyilə şirkət, öz mallarını və xidmətlərini yerli bazarda daha müvəffəqiyyətlə və effektiv sata bilmək imkanlarına malik olacaq.
Portalın adına gəlincə, YUMROO (yumru, butöv, vahid, birləşdirən, tam, mükəmməl) sadəlik və əlverişlik, dinamizm və daimi hərəkətlə assosiasiya edilir. Daha bir bənzətmə. Astrologiya elmində dairə günəşin simvoludur, günəş ismə öz növbəsində həyat, ürək və onun istiqamətləri, ererjinin əsas mənbəyi kimi YUMROO-nu da təsvir edir.
Yerli İnternet məkanı üçün ən mühüm və əhəmiyyətli olan milli axtarış sisteminin təsisçilərinin tərtib etdiyi biznes-plana əsasən ilin sonuna kimi istifadəçilərin sayı gün ərzində təxminən 20 000 nəfər təşkil edəcək.
Qeyd edək ki, portalın təqdimat mərasimində Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, habelə Azeronline şirkətinin baş müdiri Elçin Ağayev və digər qonaqlar iştirak edirdilər.
|