| |
Xərclərin bir hissəsinin bəzi mühüm informasiyaları bilərəkdən ictimaiyyətdən gizlədilib. Emal sənayesində şəffaflıq üzrə QHT Koalisiyası Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə sistemində ciddi pozuntular aşkar edib. Bu barədə bugünki prezentasiyada Koalisiya üzvü, Müstəqil İqtisaliyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl bildirib. Onun sözlərinə görə, Mərkəz ARDNŞ-in 2006-cı il üçün maliyyə axınlarını tədqiq edib. Nəticədə ARDNŞ-nin gəlirlərinin formalaşması, həmçinin xərclərin bir hissəsi haqqında bəzi mühüm informasiyaları bilərəkdən ictimaiyyətdən gizlətdiyi aşkar olunub. Başqa sözlə, bu məlumatlar haqqında ARDNŞ-nin nə illik hesabatlarında, nə də digər rəsmi sənədlərində heç bir informasiya yoxdur. İlk növbədə, söhbət ARDNŞ-nin neft məhsulları və qazın daxili bazarda satışından, dəniz qurğuları və təminat gəmiləri də daxil olmaqla, daşınmaz əmlak və xüsusi texnikanın icarəyə verilməsindən formalaşan gəlirlərdən gedir. Bundan başqa, ARDNŞ öz hesabatlarına törəmə strukturlarının (onların ümumi sayı 50-yə yaxındır � redaktordan): birgə müəssisələrin, alyans və səhmdar şikrətlərinin fəaliyyətindən gəlirləri daxil etmir. ARDNŞ həmçinin ictimaiyyətə gəlirin bölgüsü üzrə Saziş (PSA müqavilələr) çərçivəsində gəlirləri haqqında məlumat vermir. Əgər "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə bu vaxtaşırı açıqlanırsa, digər müqavilələr üzrə (bu günə onların sayı 11 vahid təşkil edir -red.), nədənsə, gizlədilir. Zöhrab İsmayı qeyd edib ki, ARDNŞ-in 2006-cı ildə gəliri 3676,1 milyon manat təşkil edib, onun 2559,7 milyon manatı neft və neft məhsullarının satılmasından gələn gəlirin payına düşüb (ümumi gəlirin 70,6%-i), 1723, 4 milyon manat mədaxil neft və neft məhsullarının ixracı hesabına əldə edilib. Xərclər strukturunda gizlədilmiş məlumatlar aşkar olunub. Belə ki, rəsmi məlumatlara görə, ARDNŞ 2006-cı ildə ümumilikdə 3673,3 milyon manat xərcləyib. Monitorinq prosesində ümumi məxaric həcmindən xərclərin 77%-nin hara getdiyini aşkar etmək mümkün olub, amma 823 milyon manatlıq qalan xərclərin istiqamətini müəyyən etmək olmayıb. Rəsmi məlumatlara inansaq, Azərbaycan Dövlət Neft Şirkətinin 2006-cı ildə cəmi 2,8 milyon manat gəliri olub. Lakin ARDNŞ-nin ictimaiyyətə açıq olan həmin məlumatlarına görə, 2007-ci il yanvarın 1-nə ARDNŞ-nin ümumi borcları 12 104,6 milyon manat təşkil edir (8 174,3 milyon manat sistemdaxili borclardır -red.), bunun 7189,6 milyon manatı debitor borcları, 4 915 milyonu kreditor borclarıdır. "Biz hələ keçən ilin sentyabrında ARDNŞ-ə 24 sualla rəsmi müraciət etmişik, amma hələ də cavab almamışıq", - deyə İsmayıl qeyd edib. Onun sözlərinə görə, 2006-cı ildə ARDNŞ rəsmi olaraq 581,4 milyon manat ölçüsündə vergi ödəyib. Xüsusən, mədən sənayesi üzrə vergi ödənişi 99,7 milyon manat, 206 milyon manat ixrac vergisi, 185 milyon manat aksiz vergisi təşkil edib. "Lakin vasitəli subsidiyaların nəzərə alınması ilə, vergilər müvafiq olaraq, 166,6 milyon manat (yəni 67 milyon manat çox), 231,4 milyon manat (25,4 milyon manat çox) və 155,1 milyon manat (30,8 milyon manat az) təşkil etməli idi", - deyə ARDNŞ-nin maliyyə axınlarının monitorinqi üzrə layihənin rəhbəri İsmayıl bildirib. Bundan başqa, müəyyən edilib ki, 2006-cı il dövlət büdcəsi üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə ARDNŞ-nin rəsmi hesabatında bu vergi ödəmələri üzrə tamamilə başqa məbləğlər dərc edilib. Xüsusən, qeyd edilir ki, ARDNŞ 157,2 milyon manat aksiz vergisi (yəni hesabatdakından 28,7 milyon manat az), 96,6 milyon manat mədən sənayesi vergisi (2,7 milyon manat az), 100 milyon manat ixrac vergisi (106 milyon manat az) ödəyib. Öz növbəsində, tədbirdə iştirak edən ARDNŞ nümayəndəsi Vaqif Mustafayev Koalisiyanın tədqiqatlarının nəticələrindən razı qalmadığını bildirib. Amma əlavə edib ki, bu ildən ARDNŞ beynəlxalq mühasibat uçotuna keçəcək və gələcəkdə ictimaiyyət üçün hesabatlarda daha geniş məlumatlar təqdim ediləcək. Digər dövlət məmuru Vergilər Nazirliyinin şöbə müdiri Ağamir Tahirov da onun fikri ilə həmrəy olub. Lakin hər iki məmur tədbir iştirakçılarına Dövlət Neft Şirkətinin keçən ilə qədər Azərbaycan Respublikasının dövlət büdcəsinin əsas donorunun "maliyyə həyatının" reallıqlarını izah edə bilməyiblər.
|