| |
Pentaqon İrana hücum planının hazırlanmasına dair göstəriş verib. İran regionda stabilliyi pozmaqda davam edəcəyi təqdirdə, bu ölkəyə veriləcək ultimatumun mətni hazırlanır. Bu barədə Amerikanın CBS telekanalı müdafiə naziri Robert Qeytsə istinadən məlumat yayıb.
ABŞ hərbçilərindən birinin verdiyi məlumata görə, hərbi planın hazırlanmasının səbəbi İranın regionda yeritdiyi siyasətin aqressivləşməsidir. Belə ki, Tehran qonşu İraqa silah ixrac etməkdə davam edir ki, bu silahlar da Amerika qüvvələrinə qarşı istifadə edilir. CBS telekanalı ABŞ-nın müdafiə nazirindən sitat gətirərək iranıların İraqdakı amerikalı hərbçilərini faktiki olaraq öldürdüyünü bildirib. Robert Qeyts eyni zamanda İrana qarşı hərbi əməliyyata hazırlıq getmədiyini də deyib.
ABŞ-nın hərbi-dəniz qüvvələrinə məxsus Avram Linkoln gəmisinin Fars körfəzinə gəlməsi isə təcavüz əlaməti yox, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun İrana xatırladılmasıdır. Robert Qeyts eyni zamanda bəyan edib ki, ABŞ İranın uranın zənginləşdirilməsini davam etdirməsindən xəbərdardır. Qeyd edək ki, hazırda Fars körfəzində ABŞ-ın digər hərbi gəmisi-"Harri Trumen" mövqe tutub. ABŞ-ın hərbi dəniz qüvvələrinin nümayəndəsi bu iki gəminin bir yerdə Fars körfəzində 2 gündən artıq qalmayacağını deyib. "Avraam Linkoln" növbəlilik qaydasında "Harri Trumen" gəmisini əvəz etdikdən sonra, o, Fars körfəzini tərk edəcək.
ABŞ hərbi qüvvələri qərargah rəisləri komitəsinin rəhbəri Maykl Mallen Pentaqonun İrana zərbə endirmək üçün kifayət qədər gücə malik olduğunu bəyan edib. Lakin o, Vaşinqtonun hazırda İrana hücum etməyə lüzum görmədiyini və Yaxın Şərqdə 2-ci müharibəyə ehtiyacın olmadığını qeyd edib. ABŞ administrasiyası İraqın baş naziri Nuri Əl-Malikinin həftənin sonunda İrana müraciət edərək, onları Amerika əleyhinə fəaliyyətə son qoymağa çağıracağını gözləyir. Əks halda isə, ultimatumun şərtlərinə əsasən, ABŞ qüvvələri güc varitantına əl atacaqlar. |