| |
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ötən il 3446 müəssisə yaradılıb. 2007-ci ildə 344 emal müəssisəsi, 822 tikinti müəssisəsi, 579 kənd təsərrüfatı müəssisəsi, 1700-dən çox ticarət və xidmət müəssisəsi açılıb. Bunun da 40 faizi regionların payına düşür. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən il Yevlax şəhərində “Lalə-tekstil” tikiş fabriki, Əli Bayramlı şəhərində yağ emalı zavodu, Salyan rayonunda ildə 30 ton süd məhsulları istehsal edən zavod, Şəki rayonunda ildə 3,5 milyon ədəd kərpic istehsal edən zavod, Qazax rayonunda gün ərzində 350 ton gil istehsal edən bentonit emalı zavodunun birinci hissəsi, Qəbələ şəhərində konserv zavodu, İmişlidə sutkada 5,5 ton çörək məmulatları, Göyçayda ildə 200 min şərti butulka nar şirəsi istehsal edən zavodlar və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması, həmçinin, dövlət büdcəsinin vəsaitləri hesabına texnika və gübrə alınaraq əlverişli şərtlərlə fermerlərə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına müsbət təsir göstərib. Bununla yanaşı, 2007-ci ilin dövlət büdcəsindən ayrılmış 80 milyon manat vəsait hesabına ötən il 600 mindən çox fiziki və hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarının, mineral gübrələrin alınması, buğda istehsalçılarına yardımın verilməsi təmin edilib, nəticədə payızlıq taxıl və buğda sahələri 261 min hektar artırılıb. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2007-ci il ərzində sahibkarlara güzəştli kreditlərin verilməsi prosesi daha da genişlənib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 882 sahibkarlıq subyektinə 90,7 milyon manat kredit verilib. Bunun nəticəsində 15,5 mindən çox yeni iş yeri yaradılıb: «Maliyyələşdirilmiş layihələrin 77 faizi regionların payına düşür və bu göstərici ildən-ilə artacaq. Ümumilikdə, son dörd ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6194 sahibkara 235,6 milyon manat güzətli kredit verilib, bu vəsaitlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 60 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb. Həyata keçirilmiş tədbirlər nəticəsində indiyədək 650 mindən çox iş yeri açılıb. Təkcə 2007-ci ildə 147 minə yaxın iş yeri yaradılıb və bunun 80 faizindən çoxu regionların payına düşür.
|