| |
"Avroviziya" müsabiqəsində iştirakçıların qalib gəlməsində göstərdikləri sənətin böyük rolu var. Zənnimcə, həm də bunun siyasi tərəfi də mövcuddur". Bu fikirləri politoloq Qabil Hüseynli ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
O qeyd edib ki, Türkiyənin nümayəndəsinə Yunanıstandan da SMS gəlməsi buna misal ola bilər: "Yunanıstanla aralarında problem olmasına baxmayaraq, Türkiyəyə böyük miqdarda SMS gəldi. Bu, həmin sənətçinin göstərdiyi sənətə görə idi. Daha sonra ukraynalı sənətçi qalib gəldi. Onun sənətinin gücü, ortaya çıxardığı yeni çalarlar, xüsusilə rəqslərdəki plastika, onun səsi və ansamblı- bir çox cəhətlər nəzərə alınıb qalib elan edildi".
Müsabiqənin siyasi tərəfinə gəldikdə isə Qabil Hüseynli burada din məsələsinin də xüsusi rol oynadığnı bildirib. Onun fikrincə, xristian ölkələri müəyyən qədər çalışırlar ki, xristian ölkələrindən olan nümayəndələrə səs versinlər. Amma bir dəfə müsəlman ölkəsi müsabiqədə qalib gəldi. Onun sənəti o qədər güclü idi ki, sənətin qarşısında digər məqamlar- siyasi və dini məqamlar da geri çəkilmək məcburiyyətində qaldı».
Politoloq müsəlman dünyasında bu yarışı qəbul edən ölkələrin çox az olduğunu xatırladıb və əlavə edib ki, buna görə də Azərbaycan müsəlman dünyasından böyük dəstək ala bilməyəcək: "Amma xaricdə olan, vətəndaşlığı başqa ölkə olan diasporamızda, xüsusilə Avropanın, Amerikanın müxtəlif bölgələrinə səpələnmiş soydaşlarımızda vətən hissi, vətən təəssübkeşliyi kifayət qədər güclüdür və mən onlardan çox böyük dəstək gözləyirəm".
O, Azərbaycanın finala çıxacağına inandığını vurğulayıb: "Azərbaycan musiqiçilərinin qısa bir müddətdə böyük bir səviyyədə belə orijinal formada, bir çox cəhətləri özündə birləşdirən yüksək sənət əsəri ortaya qoyması məni çox sevindirdi, həm də heyrətləndirdi. Ən azından Azərbaycanın finala çıxacağına ümidim var. Çünki finala çıxmağı səriştəli münsiflər heyəti müəyyənləşdirir, yüksək səviyyəli musiqiçilər, sənətkarlar dəyərləndirir. Azərbaycanın bu yarışmada mütləq finalda olacağına böyük ümidim var, hətta qalib gələcəyinə də ümidim və arzularım var". |