| |
"Azərelektroişıq" ASC-nin səhmdarları müəssisənin rəhbəri Tofiq Gülmalıyevin müəssisənin əmlakının mənimsəməsinə etiraz olaraq bu gün mətbuat konfransı keçiriblər. Səhmdarların hüquqlarını müdafiə komitəsinin sədri Esmira Qaimbəyovanın rəsmi nümayəndəsi, hüquqşünas Səməd Vəkilov bildirib ki, ictimaiyyət arasında "Lampa zavodu" kimi tanınan, lyuminisent və adi məişət lampalarının yeganə istehsalçısı olan sözügedən istehsalat birliyinin direktoru Tofiq Gülmalıyev qurumun gəlirlərini şəxsi əmlakı kimi mənimsəyir. Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin nəzdində bir neçə kommersiya qurumu yaradan T.Gülmalıyev müəssisənin gəlir gətirmədiyini iddia edərək səhmdarların əksəriyyətini işdən azad edib.
Esmira Qaimbəyova isə jurnalistlərə bildirib ki, cəmiyyət ləğv edildiyi təqdirdə, əmlakın qalan hissəsini, yaxud dəyərini almaq hüququna malik olsalar da, T.Gülmalıyev onları bu səlahiyyətdən məhrum edib. Onun sözlərinə görə, 7 il ərzində ASC öz səhmdarlarına divident verməyib.
Səhmdarlar bununla bağlı ölkə başçısına, baş nazirə, iqtisadi inkişaf nazirinə və digər aidiyatı qurumlara müraciət ünvanladıqlarını vurğulayıblar. |