| |
Filmdə Amerika və İsrail döyüş təyyarələrinin hücumları nəticəsində ölən və şikəst qalan insanlar nümayiş olunur
"Əl-Qaidə" terror təşkilatı Hollandiya Azadlıq Partiyasının lideri Qirt Vildersin böyük qalmaqala səbəb olan İslam əleyhinə çəkdiyi "Fitnə" filminə cavab olaraq 10 dəqiqəlik film hazırlayıb. CNN Türkün yaydığı məlumata görə, "Əl-Qaidə" lideri Üsamə bin Ladenin videolarını da nümayiş edən internet saytında göstərilən filmin ilk hissəsində Amerika və İsrail döyüş təyyarələrinin bombalaması nəticəsində İraq, Fələstin, Əfqanıstan, Vyetnam torpaqlarında ölən və yaralanan uşaqlar nümayiş edilir. Bundan başqa filmdə səlib cəngavəri göstərilir və arxa fondda ABŞ prezidenti Corc Buşun 11 sentyabr hadisələrindən sonra dediyi, "Bu səlib yürüşü terrorizmə qarşıdır" sözləri yazılıb.
Xristian və yəhudilərin terrorçu olduğu, onların keçmişləri və gələcəklərinin bunun sübutu olduğu iddia edilən filmdə, "Xaçlı Papa, Allah onun bəlasını versin və səlib yürüşünün lideri Buş İslamın həqiqi düşmənidir" ifadələri səsləndirilib. Filmin ikinci hissəsində isə Mahatma Qandi, Lev Tolstoy və Corc Bernard Şou kimi ziyalıların Hz. Məhamməddən (ə.s.) bəhs edən müsbət şərhləri nümayiş olunur.
Xatırladaq ki, Hollandiyada Azadlıq Partiyası (PVV) lideri Qirt Vilders İslam dininin əleyhində film çəkmiş və bu film internetlə nümayiş olunmuşdu.
|