| |
Qadınlar böyük qüvvədir. Bunu eşitmək yəqin ki, biz qadınlar üçün çox yaxşı bir hisdir. Lakin çox təəssüflə deyim ki, bunu hamı qəbul edə bilmir. Mentalitetimiz həmişə qadınların qarşısını kəsib. Bunu demək təbii mənim üçün xoş deyil. Çünki milli dəyərlərimizə sahib çıxmaq hamı kimi mənim də borcumdur. Amma bu bir faktdır və belədir. Gəlin ailələrdə oğlan övladı ilə qız övladı arasında qoyulan fərqlərə baxaq. (İlk öncə onu qeyd edim ki, məqalimin bundan sonra gələn hissəsi bəzi ailələri nəzərdə tutub və dediklərimi bir çoxlarına aid edə bilmərəm.) Bu hələ heç körpə dünyaya gəlmədən başlayır. İki gənc ailə qurub uşaq sahibi olmaq istədikləri zaman hamı, oğlanın özündən tutmuş bütün qohumlarına, elə qızın ailəsinə qədər doğacaq körpənin oğlan olmasını arzulayır. Nadir insanlar “uşağım qız olsa nə yaxşı olar” cümləsini işlədir. Əslində deyiləcək fikir heç bu da olmalı deyil. Sağlam olduqdan sonra qız və ya oğlan heç bir fərqi yoxdur deyilməlidir amma mövzumuz indi bu deyil. Uşaq doğulduqdan sonra əlbəttə ki, hamı tərəfindən sevilir buna şübhə ola bilməz. Amma elə ailələr var ki, sadəcə oğlan olsun deyib dururlar. İndiyə qədər qız olsun deyə ondan qabaq neçə oğlan övladı dünyaya gətirən ailə gördünüzmü? Amma əminəm ki, onun əksini çox görmüsüz. Bu məsələ belə. Keçək növbəti problemə. Hələ qız uşağı 4-cü sinifi bitirməmiş hamı başlayır “Sən artıq böyük qızsan, Onu etmə ayıbdır, Bunu etmə düz başa düşülməz” və sair bunun kimi ağlasığmayan və uşağın psixologiyasını pozan sözlər deməyə. Halbuki, o hələ uşaqdı və uşaqlığın dadını çıxarmalıdır. Heç kəsdən utanmadan, mən artıq böyük qızam demədən. Heç vaxt qızlara özü seçmək kimi bir şans vermirlər. Məktəb illərimizdə siniflikcə toplanıb bir çox şey edə bilmirdik. Çünki qızlara valideynləri icazə vermirdilər. Düşünəcəksiniz ki, onların yaxşılığı üçün, qoruduqları üçün. Xeyr. Bunu hərəkəti valideynlər qızlarıni deyil, özlərini düşündükləri üçün edirlər. Çünki məktəb vaxtı şagirlərin toplandıqları yer bir-birinin evləri olur. O evdə də təbii ki, valideyn var və hər şeyə nəzarət edir. Valideynlər sadəcə axşam gedib onu kim gətirəcək, o olacaq, bu olacaq deyə icazə vermirlər. Halbuki, qızını sevən valideyn ona icaze verər. Axşam da işdən yorğun-arğın qayıtsa belə onu gedib evə gətirər. Başqa problemlərə gəldikdə isə həyatda həll olunmayan bircə şey var, o da ki ölümdür. Ondan başqa hər şeyə istədikdən sonra nəzarət etmək olar. Sevgilik, ailə qurmaq məsələsi də ən böyük problemlərdən biridir. İndi demək olar qızların məktəb vaxtlarından hamısını sevgilisi var. Ancaq təkcə Bakı şəhərinə görə bütün Azərbaycanı təhlil etmək olmaz. Hələ də elə yerlər var ki, qızları istəmədən, zorla təktərəfli sevgiyə dayanaraq ərə verirlər. Bu halda da xoşbəxtlik sözünü işlətmək belə yersiz olardı. Hətta universitetə qəbul olmaq istəyən qızların fakültə seçiminə belə müdaxilə olunur. Yəqin bu cümlə artıq el arasında məşhurdur. “Qızın sənəti müəllimlikdir” O qədər qız tanıyıram ki, jurnalist olmaq istəyib ailənin razılığı olmadığı üçün başqa sənət seçmək məcburiyyətində qalıb. İşləmək probelimiyləsə yəqin indiki dövrdə qızların böyük əksəriyyəti qarşılaşır. Çünki bu məsələyə nəinki valideynlər hətta sevgililər belə qarışır. Çox təəssüflər olsun ki, elə qızların böyük bir qismi də bu qərarla razılaşır. Neçə illər oxuyub, əziyyət çəkəndən sonra. Mənə görə “qadının yeri evidir, qadın nədir, işlədi nədir?” kimi cümlələr sadəcə gülməlidir vəssalam. O nə deməkdir ki? Yəni işləməkdə nə var? Nə isə keçim əslində bu məqaləmi niyə yazmaq qərarına gəldiyimə. Bir şey var ki, biz qadınlar özümüzü həmişə 2-ci yerə atırıq. Sevgi və sevgi etirafı məsələsi. Biz qızlar heç vaxt gedib xoşumuz gələn oğlana qarşı ilk addımı ata bilmirik. Səbəbin bilmirəm amma bu belədir. Həmişə ilk addımı oğlandan gözləyirik. Bəlkə də yox deyiləcəyindən qorxuruq bəlkə də pis qəbul ediləcəyimizdən. Əslində isə bu oğlanların elədikləri ilə eynidir. Oğlan gəlib qıza səndən xoşum gəlir deyir, qız da ya ona qarşılıq verir, ya da rədd edir. Qızlarda da eynən bu olacaq. Yəni xoşun gələn oğlana gedib səndən xoşlanıram deyəcəksən, o da ya səni qəbul edəcək ya da yox deyəcək. Bu iki cavabdan biri. Bilmirəm ola bilər ki, səhv düşünürəm, ilk addımı atmaq heç də ağıllı bir fikir deyil. Amma burda pis qəbul olunacaq, yaxşı baxılmayacaq bir şey yoxdur. Sonunda qadın da insandır və o da kimdənsə xoşlana bilər. Hissləri açıq-açıq deməksə məncə qəbahətli bir şey deyil. Demək istədiyim, əziz xanımlar indi bizə qarşı olanların hamısının səbabkarı biz özümüzük. Artıq özümüzü hər şeydə ikinci plana atmağa son qoymalıyıq. Biz də insanıq və kişilər kimi bizim də istəklərimiz var. Təbii ki, həyat bizə də hamı kimi bir dəfə verilir. Onu da kiminsə diqtəsi, kiminsə istəyi ilə keçirməyək. Yolumuzdan çıxmamaq şərti ilə, dinimizə uyaraq ürəyimiz istəyən hər şeyi etməyə bizim də haqqımız var. Geyinmək, gəzmək, işləmək və sair kimi şeyləri etmək üçün heç kəsdən icazə almağıza gərək yoxdur. İcazəni xəbardarlıqla əvəz etməyin Azərbaycan xanımları üçün də artıq çoxdan vaxtı gəlib çatıb.
|