| |
Yox. Bu dəfəki mövzum oğruluq, doğruluq deyil. Mövzu namusdur. Azərbaycan xalqının həmişə ağız dolu danışıb qorumağa çalışdığı namus. Keçdiyimiz yay bir söhbəti istəmədən eşitdim və mənə bir az qəribə gəldi. İndiyə qədər də bu mövzu üzərində işləmək istəyirdim, bu günə qismət imiş. Tanış (tanış demək olarsa) bir qız var. 30 yaşlarında olar. Bir dəfə onlarda idim. Yan otaqda telefonla danışırdı. İstəmədən mən də eşidirdim. Söhbət uzun sürdü. Mən sizə çatdırmaq istədiyimi deyim. Özündən, namusundan danışırdı. Dediyinə görə 9 ildir ki, Bakıda yaşayır. Telefonda danışdığı insana “mənim haqqımda danışanda namuslu qızdır. Bax 9 ildir Bakıda tək başına qalır, ancaq öz namusu ilə yaşayır deyirlər” söylədi. Mənim niyyətim onun söhbətini sizinlə bölüşmək, ya da danışdıqlarını təhlil etmək deyil. Təbii ki, namusuna da deyiləcək bir sözüm yoxdu. Məqsədim tamam başqadır. Yadımdadı məktəb vaxtlarımda hansı qadınsa Allah yolundan çıxarsa onları “barmaqla” göstərirdilər. İndi isə görün dövran necə dəyişib ki, namus ilə yaşayanlara halal olsun deyilir. Əslində isə namusla yaşamaq normal həyat tərzidir, bunda təriflənib yuxarı başa qaldırılacaq bir şey yoxdur. Bu onsuz da belə olmalıdır. Bütün insanlar bu dünyada öz namusları ilə yaşayıb, düzgün yol seçib, halal qazanıb, halal yeməlidirlər. Ancaq dediyim kimi müqayisə edin görün ki, cəmiyyətimiz, insanlarımız necə dəyişib. Əvvəllər namussuz bir işlə məşğul olanları tək-tək sayardılar və təbii ki, həmin insanlara normal baxılmazdı. İndi isə namusla yaşayanları tək-tək sayırlar. Düzdür hər kəsin həyat tərzi özünü maraqlandırır və kiminsə kiməsə qarışması, ona pis münasibət bəsləməsi doğru deyil. Mən bunun tərafdarı deyiləm. Ancaq son dövrlərdə insanlar o qədər dəyişiblər ki, öz gözlərindəki tiri görməyib başqasının gözündə çöp axtarırlar. Və maraqlısı bilirsiniz nədir? Zaman keçdikcə məlum olur ki, axtardığı və tapıb çıxardığı çöp əslində onun öz gözündə olan tirdəndir. Sadəcə başqasının gözündən pərdə asaraq öz günahını ört-basdır etmək üçünmü, yoxsa bizim anlamadığımız başqa səbəbdənmi özünün etdiyi hərəkəti başqa bir insanda görəndə elə pisləyir ki, deyərsən bu insan mələkdir. Həyatda bu hərəkəti ən axırıncı edən bu olar. Tanımasan bunları deyərsən. Tanıyanlar isə onsuzda hər şeyi yaxşı bilir. Bir sözlə artıq oğru düzgünlükdən, namussuz namusdan, yalançı doğruluqdan danışır. Hə, bir də el arasında “hərə öz ərşini ilə ölçər” kimi bir məsəl var. İnsanları tanıdıqca görürsən ki, həqiqətən belədir. Bəzən birinin ağzından çıxan hansısa bir sözü sənin yanındakı insan elə qəbul edir ki, düşünürsən görəsən mən deyilənləri səhv eşitmişəm? Amma yox. Hamı eyni cümləni eşidir, qəbul etmələr və yozumlar fərqli olur. Bəzən haradasa işlətdiyiniz bir cümlə dönüb-dolaşıb sizə elə bir vəziyyətdə gəlir ki, bəlkə siz onu işlədərkən 100 il düşünsəniz bu nəticəyə gəlinəcəyini ağlınıza gətirməzdiniz. Və ya başqa bir misal. Puldan əziyyət çəkməyən bir insan o pulları oğurluqla qazanırsa, kiminsə əlinə bir az pul keçən kimi fikirləşir “yüz faiz oğurluq edir. Yoxsa ona hardandır bu pullar.” Zəhməti, alın təri ilə qazanansa “halal olsun, gecə-güzdüz işlədi qazandı. Özünə gələcək qurdu” deyir. Görürsüz adi bir məsələyə belə baxışlar bir-birinə ziddir. Həqiqətən də hərə öz ürəyinə görə qərar verir. Heç saf, hər şeyə tez inanan bir insanın kiməsə pislik etdiyini və ya kiminsə arxasıyca danışdığını görmüsüz? Yəqin ki, yox. Çünki hər şeyə inanan insanlar elə bilirlər hamı onlar kimidir. Dünyada pislik yoxdur. Elə ona görə də kim nə desə ona inanırlar. Bu həyatda isə artıq saf, hər şeyə inanan insanların yeri yoxdur. İnsan gərək hər kəsə öz gözüylə baxmaya. Yəni hamını özü kimi bilməyə. Bu istər yaxşı insan olsun, istərsə də pis. Sən yaxşısansa bu o demək deyil ki, dünya da yaxşıdı və ya tam əksi. Bayaqdan pis insan, yaxşı insandan danışıram. Çox təəssüflər olsun ki, kinolarda görüb nifrət edib, sonra da “yox bu sadəcə kino personajıdır. Həyatda belə biri ola bilməz” dediyimiz mənfi qəhrəmanlar elə hayatın özündədir. Bu mövzu ilə bağlı rəfiqəmlə danışanda yaxşı bir ifadə işlətdi. Dünyada bəzi xasiyyətləri pis olan insanlar var, bir də insanlıqları çürük olan insanlar. Pis olanlarsa birincilər deyil. Necə olsa həyatda mükəmməl bir insan ola bilməz. Pis olanlar ikincilərdir. Onları də dəyişməyə nadir insanları gücü yetər. Amma yenə də Allahdan ümid kəsilməz. İnsallah bir gün hamı dünyaya və insanlara yaxşı gözlə baxıb, onlara müsbət fikirlə yanaşar.
|