| |
Bayram.Kimin üçün önəmli gün, kimin üçünsə sadəcə istirahət günü. Hələ sovetlər birliyi dövründə millətimizin canına bir çox süni kommunist bayramları sırındı. Öz bayramlarımız isə kommunist repressiyasının qurbanı oldu. Hətta Qurban bayramı və Ramazan bayramları kimi yalnız yaşlı nəslin gizli qeyd etdiyi, get-gedə istehza obyekti və gerilik rəmzinə çevrilən bayramlarımız da oldu. Kommunist və Bolşeviklərin isə müsliman, türk qanı töküb, yurd taladığı günlər isə təmtəraqla, sevimli bayramlar kimi qeyd edilirdi. Bu “bayram”lar necə bizə aşılanmışdısa eləcə də Sovetlər birliyi ilə bərabər canımızdan və qanımızdan getdi. Lakin sovet yadigarı olan “bayram”arın heç də hamısı təqvimimizdən silinmədi. Nəinki təqvimimizdən silinmədi hətta ürəklərimizə saldığı dərin, bayağı köklərinin heç bircə dənəsi də qopmadı. Tariximizdə hətta keçirməli və ya keçirilməsi o qədər də təmtəraqlı olmayan əsl bayramlarımızdan da önəmli, sevimli və “keçirilməli” bayramlar kimi qalanları da oldu. Novruz bayramı kimi Milli bayramımıza sinə gəlib, keçirməyə borclu olduğumuz Qurban və Ramanzan bayramlarını öz kölgəsinə alıb, bir çox “Avropadönümlülər” üçün təqvimdə adi bir qırmızı çərçəvəyə alınmış rəqəmlərə döndərən “bayramlar” da var. Sovet İttifaqı dağıldıqdan sonra, içində Azadlıq arzusu yaşayan, Milli ruhu, özü, ata-babasının irsi ilə yaşayan, damarlarında mübarək türk qanı gəzdirən hər bir vətəndaşımız düşünürdü ki, Kommunizmin bizə sırıdığı köksüz və kökü gizlədilən bayramlardan qurtulub, tarixi minilliklərdən keçən, bir adəti özündə bir tarix yaşadan Novruz Bayrami və Allahımızdan bizə buyrulan Qurban və Ramazan bayramlarının halallığına qayıdacağıq. Bəli qayıtdıq. Amma necə? Öndən Qurban bayramı gəlir. Müslimanların mübarək bayramlarından biri. Malını-pulunu il boyu artırıb bu qurbanlıq günündə Allah rizası üçün ehtiyacı olanlara vermək arzusunda olanları və bu zəngin müslimanların bayram günündə onlara halallıqla əl tutub ürəklərini sevindirəcəyini gözləyən imkansızları nəzərə almasaq, etiraf etməliyik ki, bu gün cəmiyyətimizdə Yeni il “bayramı”nı gözləyənlər daha çoxdur. Buna əmin olmaq üçün bir anlıq açıq gözlə ətrafa nəzər salmaq kifayət edər. Şəhərdəki canlanma, partlayıcı paketlərin ara-sıra səsləri , dükanlarda “yolka” bəzək əşyalarının artması və nəhayət televiziya kanallarında bütün reklam çarxlarında siçan təsvirinin çoxalması buna bir sübutdur. Nə deməkdir “Yeni il bayramı”? Sovet dövründə bizə sevdirilmiş, qeyd olunmasına xərc çəkilməsinin vacib olduğu aşılanmış, vasitəsi ilə 12 müxtəlif hətta mənəviyyatımıza yad olub, süfrələrimizə haram buyrulan heyvanlara belə simpatiya yaratmış, qeyd olunması haram içki ilə başlayan təntənəli rəqəm dəyişməsi. Saat 12 tamam oldu. Nə dəyişdi? Nə gəldi? Əlbətdə ki saatlardakı rəqəmlərdən başqa dəyişən heç nə adı. Ola da bilməz! Çünki həyatı da, zamanı da, yaşamı da, hətta talenin özünü belə dəyişməyə yalnız insanın əməlləri və onun halal zəhməti qadirdir. Dəyərmi bu cür “bayram”a bu qədər xərc çəkib israf etməyə? İqtisadi çətinlikdən durmadan şikayət edən bir millətə nə qədər yaraşır qonşusundan geri qalmamaq xatirinə, dinimizə imanııza mənəviyyatımıza düşmən kəsilənlərin “bayram”ı üçün cibinin son qəpiyini xərcləyib puça atmaq? Baxaq kimlərin bayramıdır bu əslində. Kimlərin canından gəlir bu bayram? Saat əqrəblərinin yerini dəyişməsinə canı-candan sevinib, bunun üçün tarix boyu bizlərdən taladığı pulları xərcləyən, bu bayramı zina ilə qeyd edib haram içkilərlə qarşılayıb sevdikləri yeni ilin ilk gününə insan simasından kənar bir sima ilə çıxanların bayramıdır bu “bayram”. Əlbətdə, onları qınamamaq da olar. Zina, içki, israf və simasızlıq onlar üçün bayramdır zatən. Təəssüflər olsun ki içimizdə bu cür qeyri-insani adətləri haram buyuran, halallıqla könüllər sevindirən gözlər güldürüb, qarınlar doyduran gözəl Qurban bayramını yeni il “bayramı” qədər təmtəraqla qeyd edənlər azdır. Çəkinmədən demək olar ki nisbətdə bəlkədə daha azdır. Bəlkə də bu fikirlə razılaşmayacaqsınız. Lakin razılaşaq ki, qurbanlıq günündə qonşusuna bir doyum qurban payını qıymayıb, süni “yolka”ları bəzəmək üçün bahalı bəzək əşyalarına həvəslə xərc çəkənlər kifayət qədərdir və belələri get-gedə artır. Hələ bunların içində kasıb-kusuba verdiyi payı televiziya kanallarında az qala canlı yayımla millətə nümayiş etdirənləri demirəm. Qurban bayramı günü uşaqlarına bayram qüslü verib, təzə paltar geyindirib, əllərindən tutub bayram namazına aparıb, namazdan sonra onları hədiyyələr və bayram şiriyyatları ilə sevindirib savab qazananlarımızmı çoxdur, yeni il “bayramında” uşaqlarına pambiq saqqallı, qırmızı geyimli məzmunsuz “şaxta babalar” tutub, onlara ata-babası məlum olmayan “Santa Klaus” aşılayanlarımızmı çoxdur? Kimdir Santa Klaus? Kimdir uşaqlarımızı bu qədər sevindirən? Nə qazanır körpələrimiz Santa Klausdan? Pulsuz hədiyyələr! Bəli uşaqlarımız Santa babalarından pulsuz, havayı hədiyyələr qazanır. Santa bizlərə hələ körpəlikdən havayı qazanmaq öyrədir, zəhmət çəkmədən qazanmağa həvəsləndirir. Əvəzində isə istədiyi ən çoxu “ Xoruzun şeri” olur. Heç “Xoruz” şerini deməsən də olar. Hələ uşaq ikən Qurban bayramı günü babamın qoyun kəsdiyini görəndə elə bilirdim babam dünyada ən güclü və ən qorxmaz insandır. Ona oxşayıb mən də qoyun kəsmək istəyirdim. Amma babam mənə başa saldı ki qurbanı yalnız zəngin müslimanlar kəsə bilər. Zəngin olmaq üçün isə gərək oxuyum, işləyim, pulum çox olsun. Dolayısı ilə də olsa mənə anlatdı ki həyatda hər şey zəhmət və alın təri ilə qazanılır. Şaxta babalar və Santa Klausların verdikləri paylar bir gün bitir. Gözəl peyğəmbərimizin sünnəsindən, nurundan qopan həyatda ən düzgün yol göstərən babalarımıza oxşayaq. Onları aşılayaq uşaqlarımıza. Santa Klausları, Şaxta babaları yox! Ən azından ona görə ki, havayı hədiyyələrə öyrəşən uşaqlarımız böyüyəndə, həyatın zəhmətə bağlı olduğunu dərk edəndə, “Şaxta babanın” əslində “saxta baba “ olduğunu anlayanda, nə Santa Kalusu nə Şaxta babanı nə də onları bizə sırıyanları söyəcəklər. Onlar bizləri qınayacaqlar...Bayramımz Mübarək!
|