| |
Sevgi, dünyada olan bütün insanların vaz keçə bilmədikləri, hamının qəlbində iz qoyan dünyanın ən gözəl hissi. Dünyada heç ne sevgisiz var ola bilməz. Bu duyğu haqqında dünyanın söz dühaları, filosofları, şairləri, yazıçıları cild cild kitablar, romanlar, şerlər yazmış, bəstəkarlar mahnılar qoşmuş, opera və balet əsərləri yaratmışlar. Bu hiss, bu arzu bizi yaşadır, xöşbəxtliyə, səadətə aparır. Gözəllik, sevgi, məhəbbət olmasa insan yırtıcıya dönər, həyat ölər. Dahi şairimiz Nizami Gəncəvi demişdir: “ Məhəbbət odur ki, odu sönməsin, İnsan yaşadıqca, üzü dönməsin.” Həqiqətən də sevgi haqqında uzun uzadı danışmaq və yazmaq olar. Ancaq o, o qədər böyük və gözəldir ki, onu anlatmağa sözlər yetmir. Bildiyimiz kimi 14 fevral tarixi bütün dünyada “Sevgililər günü”, “Sevgi günü”, “Valentin günü” kimi qeyd edilir. Bu günü qeyd etmək nə dərəcə doğrudur? Sevginin hər hansı bir günü varmıdır? Bu suallara cavab tapmaq üçün gəlin bu günün tarixinə, necə yarandığına nəzər salaq. Bu günün tarixi çox qədimə, yəni Miladdan əvvəl dördüncü yüzilliyə, Romalılar dönəminə dayanır. Valentin adlı bir keşiş Roma imperatoru Kladius tərəfindən evlənmələri qadağan olunan əsgərləri gizlin olaraq evləndirirmiş. Evli kişilərin əsgər olmaq istəməyəcəklərini düşündüyündən bütün nişan və toy mərasimlərini qadağan edən zalım imperatorun qatı əmrlərinə baxmayaraq, keşiş Valentin bütün təhlükələri gözə alaraq əsgərləri sevdikləri ilə qovuşdururmuş. Keşiş həbsxanada olduğu vaxtlarda gözətçilərdən birinin qızıyla sevgi münasibətləri qurur və ölümündən əvvəl həmin qıza “Sənin Valentinin” deyə imzaladığı məktubu qoyur. Keşiş Valentin 14 fevral 269cu ildə başı kəsilərək edam edilir. Beləliklə, sevgililər günü qeyd olunmağa başlanır. Əlbəttə bu günü qeyd etməyin, nə qədər doğru olub olmadığın deyə bilmərəm amma unutmamalıyıq ki, 14 fevral sadəcə sevgililər günü olmayıb həm də, Yad bir dinin adətidir. Həm də, əgər bir insanı həqiqətən də sevirsənsə və sevdiyinə hədiyyə almaq istəyirsənsə belə bir günün olmasına nə ehtiyac var. Sevgini, belə böyük bir duyğunu bir günə sığdırmaq nə dərəcə dogrudur? Həm bu mümkündürmü? Əlbəttə ki, yox. Əsl sevgini bir ömrə sığdırmaq mümkün olmazkən, onu bir günə necə sığdırmaq olar. Təəssüf ki indi elə bir zəmanəyə gəlib çıxmışıq ki, hamı sevirəm deyir. N.Çernişevski demişdir: “Sevməyi ancaq “sevirəm” deyə qışqıranlar bacarmır.” Sevən də sevməyən də. Bu da sevgiyə edilən ən böyük haqsızlıqdı. Məncə əsl məhəbbət dilsiz olmalıdır. Çünki, həqqiqi hisslər sözlə yox, hərəkətlərlə, gözlərlə ifadə olunur. Əsl sevgi insanın qəlbinin dərinliklərində olmalı və gözlərində işıq saçmalıdır, daha dildə avazlanmamalıdır. Axı sevgi hər adamın oxuya biləcəyi mahnı deyil. L.N.Tolstoy: “Həqiqi məhəbbət ölümü məhf edir və boş bir xəyala çevirir, o həyata mənasızlıqdan mənalı, bədbəxtlikdən xöşbəxt edir.” Həqiqətən də əsl sevən insan sevdiyi naminə ölümü belə gözə almalıdır. Məhəbbət ömrün ən gözəl bəzəyidir. Həyatın ən gözəl rəngidir. Təəssüf ki, sevgilərin çoxu qarşılıqsız olur. Amma bəzən düşünürəm ki, bəlkə də dünyada ən gözəl və dərin sevgilər elə qarşılıqsız olan sevgilərdir. Sən birini sevirsən deyə o da səni sevmək məcburiyyətində deyil. Sən sev, sadəcə olaraq sev. Sevgi insanın yaşama səbəbidi. Sevgi, o yanında olmayanda belə onunla olmaqdı, onun nəfəsini duymaqdı. Yuxularında belə onu sevmək, onunla ağlayıb onunla gülməkdi. Sevgi, özünü unudub yalnız o olmaqdı. Havaya, suya ehtiyac duyduğun qədər, sevdiyinə ehtiyac duymaqdı, sevgi. Daha nə qədər belə sözlər demək olar sevgi haqqında. İndi sizcə belə gözəl duyğunu bir günə sığdırmaq mümkündürmü? Günündən, ayından, ilindən asılı olmayaraq gəlin sevək. Qarşılıqsız olsa belə, əzab çəksək belə, ağlasaq belə. Axı sevgini sevgi eləyən onun verdiyi əzablar, bizi biz edənsə sevgimizdir. Əgər bizi biz edən sevgidirsə bundan niyə vaz keçməliyik ki? Sonda isə hamımıza dərin və gözəl sevgi arzulayıram. Əzablarıyla, sevincləriylə və kədərləriylə, qəlbimizin dərinliklərinə kök salacaq, bizi biz edəcək doya doya yaşayacağımız sonsuz sevgi. Daha dəniz köpüyü, sabun köpüyü kimi saxta, dildə olacaq, yalançı sevgi yox. Unutmamalıyıq ki, həyatın gözəlliyi sevgidədir. Sevgi nədir? Bilinməz niyə vardır? Amma həyat sevgini yaşadığın qədərdir. |